AZ

“Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” konfransı keçirildi - FOTO

Oktyabrın 11-də Bakı Biznes Mərkəzində “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans keçirilib. Konfransda Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvləri, Medianın İnkişafı Agentliyinin rəhbərliyi, media subyektlərinin rəhbərləri və baş redaktorları iştirak ediblər.

"Unikal" xəbər verir ki, Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin və dünyasını dəyişmiş jurnalistlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Mətbuat Şurasının sədri Rəşad Məcid, Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov mövzu ilə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin bəzi beynəlxalq dairələrin ölkəmizə qarşı informasiya savaşı və ideoloji müharibə apardıqlarına dair fikirləri xatırladılıb. Bildirilib ki, jurnalistlər bu kimi çağırışlara, ölkəmizdəki sabitliyi və əmin-amanlığı pozmağa hesablanmış informasiya diversiyalarına adekvat yanaşmalı, hər zaman peşəkarlığı və həssaslığı əsas tutaraq çevik fəaliyyət göstərməlidir.

Konfransın əsas məruzəçisi, MŞ sədrinin müavini, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Azərbaycana qarşı aparılan informasiya müharibəsi və cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsində medianın rolu mövzusunda çıxış edib.

Sonra MŞ İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli dezinformasiya ilə mübarizədə tətbiq edilən mexanizmlər, inzibati və hüquqi modellər barədə danışıb.

MŞ İdarə Heyətinin üzvləri Fərid Pərdəşünas Azərbaycan mediasının rəqəmsal transformasiyası şəraitindəki üstünlüklər və çatışmazlıqlar, Hacıbəy Heydərli isə sosial media ilə rəqabətdə mediadan gözləntilər mövzusunda fikirlərini səsləndiriblər.

Tədbirdə, həmçinin Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin doktorantları Nurşərəf Tağıyevanın və Sünbül Zalovanın ölkə mediasında beynəlxalq jurnalistika trendlərinin tətbiqi problemləri mövzusunda birgə təqdimatları olub.

Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Yekunda Azərbaycan Mətbuat Şurasının media subyektlərinə tövsiyələri açıqlanıb. Tövsiyələrdə “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na riayət olunmasının, yeni medianın operativlik, sərhədsizlik, interaktivlik və sair kimi üstünlükləri nəzərə alınaraq, informasiya istehsalının daha da gücləndirilməsinin, dünyada gedən müasir texnoloji inkişafa uyğunlaşmağın və beynəlxalq jurnalistikadakı, xüsusilə Qərb jurnalistikasındakı yeni trend və tendensiyaların mənimsənilməsinin, dövlətin və cəmiyyətin maraq və mənafelərindən irəli gələn, onların uzlaşdırılmasına xidmət edən materialların sayının çoxaldılmasının və keyfiyyətinin yüksəldilməsinin, Azərbaycan dövlət dilinin normalarına əməl edilməsinin, əsasən proqramlar vasitəsilə hazırlanan tərcümə materiallarının keyfiyyətinə diqqətin artırılmasının vacibliyi vurğulanıb.

Tövsiyələrdə, həmçinin sosial şəbəkələrdə yayımlanan materialların həqiqətə uyğunluğunun, səhihliyinin ciddi yoxlanılmasının, jurnalistlərin mövcud sahədəki manipulyasiyalara həssas yanaşmalarının, xüsusən yeni texnologiyaların, süni intellekt sistemlərinin dezinformasiya yayımında vasitə olduğunun nəzərə alınmasının zəruriliyi vurğulanıb. Bildirilib ki, media təmsilçiləri məzmun yaradıcılığında yeni texnologiyalardan, o cümlədən süni intellekt proqramlarından asılı duruma düşməməli, milli maraqların qorunması üçün ölkədə vahid və güclü ictimai rəy formalaşdırmalı, beynəlxalq media ilə əməkdaşlığa can atmalı, Azərbaycanın mövqelərini müdafiə edən məqalələrin və reportajların hazırlanmasına səy göstərməli, dünyada gedən aşkar informasiya müharibəsi şəraitində təcrübə mübadiləsinə üstünlük verməlidirlər.

Seçilən
8
50
unikal.az

10Mənbələr