Müzəffər Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, heç şübhəsiz xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir.
Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Quliyev Bəhruz Firuz oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən dörd il ötür.
Şəhid Bəhruz Quliyevin anım günü ilə əlaqədar olaraq Naftalan ŞİH-nin başçısı, Naftalan Şəhər Məhkəməsinin, YAP Naftalan şəhər təşkilatının və şəhər Ağsaqqallar Şurasının sədrləri, şəhidin ailə üzvləri şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
İcra Hakimiyyətinin başçısı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan Azərbaycanın böyük Zəfərinin əhəmiyyətindən, şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğundan söhbət açıb.
Şəhidin valideynləri onlara eləcə də bütün şəhid ailələrinə göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlər zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Quliyev Bəhruz Firuz oğlu (ölümündən sonra) “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.