AZ

Rusiyanın Kurskdakı böyük əks-hücumu yenə “ilişdi” – “İki əsas məqsəd güdülür”

Rusiyanın Kursk vilayətində oktyabrın 10-da başlatdığı növbəti əks-hücum həmləsi səngiyib.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) son hesabatında deyilir.

Hesabata görə, ruslar son günlərdə Ukrayna qoşunlarını hava şəraitinin pisləşməsindən əvvəl bu ərazidən mümkün qədər sıxışdırmaq üçün Kursk bölgəsində əks-hücum əməliyyatını gücləndiriblər. İnstitutun analitiklərinin yazdığına görə, rus qoşunları eyni vaxtda Qluşkovo və Korenevo rayonunda əsas Ukrayna platsdarmının sol cinahında və Sudja rayonunda əks-hücumları gücləndirib. Rusiya “Z-hərbi müxbirləri” Rusiya qüvvələrinin Korenevo rayonunda iki Ukrayna batalyonunu mühasirəyə aldığını iddia etsə də, ISW analitikləri bunu təsdiqləmirlər. Eləcə də Ukrayna tərəfi hücumun qarşısının alındığını bəyan edib.

Ruslar həmçinin oktyabrın 10 və 11-də Ukrayna qüvvələrini Qluşkovo ərazisinin əksər hissəsindən çıxardıqlarını iddia edirlər. Lakin ISW Rusiyanın bu iddia edilən irəliləyişlərinin əyani sübutlarını görmür.

Təhlilçilər Rusiyanın əks-hücumlarının güclənməsinin iki əsas məqsədə xidmət edə biləcəyini deyirlər. Birincisi, onların məqsədi payızda-qışda pis hava şəraiti döyüş qabiliyyətini və manevr imkanlarını məhdudlaşdırmamış Ukrayna qüvvələrini Kursk bölgəsindən sıxışdırıb çıxarmaqdır: “Rusiya hərbi komandirləri narahatdırlar ki, pis hava şəraiti Kursk bölgəsində mövqe döyüşlərinə gətirib çıxaracaq və bu, Ukrayna qüvvələrinə mövcud mövqelərini gücləndirmək üçün daha çox vaxt verəcək. Beləliklə, Rusiyanın Ukrayna qoşunlarını Kurskdan çıxarması çətinləşəcək”.

ISW qeyd edir ki, ikinci məqsəd buradakı qüvvələri azad edib Donbasa göndərməkdir: “Rusiya hərbi komandanlığı Kurskdakı qüvvələrini Donetsk bölgəsinə cəlb etmək üçün Ukrayna qoşununu Kurskdan tez bir zamanda çıxarmağa çalışır. Rusiya hərbi komandanlığı ümid edir ki, tez bir zamanda qüvvələrini Kursk vilayətindən Donetsk vilayətinə köçürə və Pokrovsku ələ keçirmək üçün istifadə edə bilər”.

“AzPolitika.info”

Seçilən
12
azpolitika.info

1Mənbələr