AZ

Mbappenin kapitan sarğısından məhrum edilməsi tələb olunur

Fransa futbol ictimaiyyəti arasında Kilian Mbappenin yığma komandanın kapitan sarğısından məhrum edilməsi haqda tələb baş qaldırıb.

Arena.az xəbər verir ki, Fransa yığmasının keçmiş yarımmüdafiəçisi Jerom Roten “xozrular”ın baş məşqçisi Didye Deşama müraciət edərək, Mbappenin kapitan sarğısından məhrum edilməsini xahiş edib.

Xatırladaq ki, Fransa yığmasının UEFA Millətlər Liqasının 3-cü turu çərçivəsində İsraillə oyunu (3:0) zamanı, Kilianın sorağı İsveçin paytaxtı Stokholmun gecə klublarının birində gəlib.

“Artıq heç nə məni təəccübləndirmir. Mbappe özünü toxunulmaz hiss edir, digərlərindən üstün görür. İstirahətə ehtiyacı olduğunu söyləyir, Deşama, bütün Fransa komandasına, bütün fransızlara ismarış göndərir, axşam isə sən artıq bu qələti edirsən – gecə klubuna yollanırsan. Həm də bilirsən ki, bu, məlum olacaq.

Biz səni Parisdəki Eyfel qülləsindən də uca tutduq. Bu qədər yanıla bilməzsən. Mən, Deşamdan məsuliyyəti öz üzərinə götürməsini və onu kapitanlıqdan məhrum etməsini xahiş edirəm”, deyə Roten rica edib.

Xatırladaq ki, daha əvvəl Fransa yığmasının baş məşqçisi, fransız mütəxəssis Didye Deşam 25 yaşlı futbolçunun zədədən sağalma mərhələsindən keçdiyi üçün “xoruzlar”ın düşərgəsinə çağırılmadığını bildirmişdi. Göründüyü kimi, Mbappe haqda müvafiq xəbər mətbuata sızdıqdan sonra, fransız ulduzun müvafiq surətdə “müalicəsi və sağalması” birmənalı qarşılanmayıb. Mbappe özünün bərbad idman forması mənzərəsində yenidən tənqid seli ilə üzləşib.

Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrıladaq, İspaniya nəhəngi “Real”ın düşərgəsinə keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 11 oyuna çıxıb, 7 qol vurub, 1 məhsuldar ötürmə verib.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Seçilən
21
arena.az

1Mənbələr