AZ

Polad magistrallarımız – Şərqdən Qərbə mötəbər körpü

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illər ərzində digər sahələrdə olduğu kimi, ölkə iqtisadiyyatında da mühüm önəm daşıyan nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi istiqamətində genişmiqyaslı layihələr reallaşdırılıb. Respublika daxilində həm müasir nəqliyyat infrastrukturu yaradılıb, həm də tranzit potensialı gücləndirilib. Bütün bunlar isə Azərbaycana daha da böyük həcmdə siyasi və iqtisadi dividendlər gətirib.

Ölkəmizdə rəqabətli, şaxələndirilmiş, inklüziv və dayanıqlı iqtisadiyyatın qurulması təşəbbüsünün tərkib hissəsi kimi hazırlanan “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə – ölkənin tranzit imkanlarının artırılmasına hədəflənən mühüm sənəddə logistika və ticarət sahəsində iqtisadi inkişaf üzrə 2025-ci ilədək və bundan sonrakı dövr üçün qısa, orta və uzunmüddətli perspektiv istiqamətləri öz ifadəsini tapıb.

ADY son illərdə uğurla yekunlaşan transformasiya proqramı çərçivəsində infrastrukturun modernləşdirilməsi, xidmət keyfiyyətinin artırılması, qatar parkının yenilənməsi və yolların əsaslı təmiri kimi zəruri layihələr həyata keçirib. Beynəlxalq nəqliyyat dəhlizlərində mövqeyini gücləndirən ADY, eyni zamanda, müştərilərə yeni rəqəmsal həllər təklif edərək innovativ yanaşmaları diqqətdə saxlayıb.

Şirkətin qarşısında duran daha geniş strateji hədəflərə nail olmaq və dəmir yolu sahəsində müasir texnologiyalardan səmərəli istifadə etmək üçün peşəkar insan kapitalının formalaşdırılması vacib şərtdir. Bu istiqamətdə ADY-nin insan resursları siyasətinin əsas prioritetləri işçi məmnuniyyətinin artırılması, gənc dəmiryolçuların hazırlanması və onların peşəkar inkişafının dəstəklənməsidir. Bu gün təlim və inkişaf proqramlarının təşkili, səmərəli idarəetmə və motivasiyaedici iş mühiti ADY-nin strateji hədəflərə çatmasında mühüm rol oynayır.

ADY-nin department rəhbəri Ceyhun Nağıyev bununla bağlı mediaya müsahibəsində bildirib ki, insan resursları sahəsində transformasiya yalnız daxili idarəetməni təkmilləşdirmək məqsədi daşımır, həm də strateji hədəflərə çatmaq üçün vacib bir addımdır. Çünki insan kapitalı cəmiyyətin ən böyük sərvətidir və bu kapitalın səmərəli şəkildə qorunması üçün rəqəmsal həllərdən geniş istifadə edilir. Rəqəmsal həllər və avtomatlaşdırma sayəsində kadr əməliyyatlarının aparılması, əməkhaqqı hesablanması proseslərindən tutmuş işə qəbul, təlim və inkişaf proseslərinə qədər bütün sahələrdə şəffaflıq və effektivlik təmin olunur.

C.Nağıyevin sözlərinə görə, ADY-nin ən böyük rəqabət üstünlüyü şübhəsiz ki, təcrübəli və ixtisaslı kadrlardır. “Azərbaycan Dəmir Yolları” hər zaman peşəkar kadrlara xüsusi diqqət yetirir və onların inkişafı üçün lazım olan bütün imkanları gerçəkləşdirir. Həyata keçirilən strateji layihələr, beynəlxalq əməkdaşlıqlar və təcrübə mübadilələri rəqabət qabiliyyətinin daha da artırılmasına imkan verir. Bu layihələr əməkdaşların peşəkar bacarıqlarını inkişaf etdirmək, yeni texnologiyalarla işləməyi öyrənmək və beynəlxalq təcrübələrdən faydalanmaq üçün müstəsna şərait yaradır.

Hazırda ADY-də əməkdaşların peşəkar inkişafına dəstək verməklə yanaşı, onların məmnuniyyəti də daim diqqətdə saxlanılır. Çünki bu, olmadan yüksək məhsuldarlıq və uğur əldə etmək çətindir. Eləcə də qurumun fəaliyyətinin müsbət yönümdə işıqlandırılmasında işçilərin rolu birinci dərəcəlidir. Bu baxımdan 2023-cü ilin sonunda aparılan işçi məmnuniyyəti sorğusuna əsasən, əməkdaşlar arasında məmnuniyyət göstəricisi 87 faiz, loyallıq isə 93 faizdir. Bu, şirkət üçün olduqca vacib bir göstəricidir. Çünki əməkdaşların işdən razı qalmaları ADY-nin dayanıqlı inkişafının əsas şərtlərindən biridir. Yüksək işçi məmnuniyyəti yalnız məhsuldarlığın artmasına deyil, həm də şirkət daxilində sağlam iş mühitinin qorunmasına xidmət edir.

Qeyd edək ki, Azərbaycan dəmir yollarında istifadə olunan hərəkət tərkibi əhəmiyyətli dərəcədə yenilənib. Məsələn, “Stadler Rail Group” şirkətindən ölkədaxili və Abşeron dairəvi dəmir yolu xətti üzrə marşrutlarda istifadə edilməsi üçün elektrik qatarları alınıb, bundan başqa respublikaya qatar və lokomotiv parkının yenilənməsi proqramı çərçivəsində sabit və dəyişən cərəyanla işləyən lokomotivlər gətirilib.

Yeni qatarların alınması diqqətdə saxlanılmaqla bərabər, keçən il “Azərbaycan Dəmir Yolları”nın “Stadler Rail Group” şirkəti ilə birgə imzaladığı müqaviləyə əsasən, Regional Servis Mərkəzi yaradılıb. Mərkəzdə dəmir yollarında səmərəli istifadə olunan “Stadler” markalı bütün növ nəqliyyat vasitələrinin, habelə regionun eyni növ qatarlarının təmiri, həmçinin texniki xidmətinin həyata keçirilməsi nəzərdə tutulub.

ADY-də lokomotiv və vaqon parkını artan yükdaşıma tələbatına uyğunlaşdırmaq üçün də müəyyən işlər görülüb. Bu məqsədlə yeni platformalar alınıb, Qazaxıstandan gətirilən yeni teplovozlar qatar parkına daxil edilib. Bununla bərabər respublikamızda dəmir yolları ilə yükdaşımaların həcmində böyük artım qeydə alınıb. Artımı davamlı etmək üçün mövcud dəmir yolu xətlərinin yenilənnəsi, eyni zamanda, yeni yollar salınması da diqqətdə saxlanılıb.

Burada bir məqamı da xatırlatmaq istərdik. Ölkəmiz üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin buraxılış gücünü artırmaq məqsədilə 2017-ci ildə Şərq–Qərb bağlantısının ən vacib seqmentlərindən olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolunun təntənəli açılışı gerçəkləşib. Yeni dəmir yolu xətti regional yükdaşımalarda məsafə və vaxt müddətini qısaldaraq Çin–Avropa–Çin nəqliyyat və ticarət dəhlizinə yeni nəfəs gətirib.

BTQ magistralı boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu getdikcə artır, əməkdaşlıq dərinləşir. Sözügedən marşrut sabitliyə və təhlükəsizliyə xidmət göstərir, ən başlıcası isə Azərbaycanın geosiyasi əhəmiyyətini artırır və respublikamızın inkişafı üçün əlavə imkanlar yaradır. Avropa və Asiya arasında ən qısa və etibarlı yol statusuna malik BTQ fəaliyyətə başladığı vaxtdan bölgədə biznes mühitinin daha da inkişaf etməsinə, ölkələr arasında qarşılıqlı etimadın artırılmasına və qonşuluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir.

Xatırladaq ki, BTQ dəmir yolu xətti layihəsi Azərbaycanın Türkiyə və Gürcüstanla səmərəli əməkdaşlığının məntiqi nəticəsi olan Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum kimi birgə layihələrin davamı idi. Layihənin həyata keçrilməsi böyük geosiyasi önəm daşıdığından Azərbaycana qarşı qısqanclıqla yanaşan bəzi xarici dairələr tərəfindən onun tikintisinə müxtəlif yollarla çətinliklər törətməyə çalışılırdı. Lakin Azərbaycan, Gürcüstan və Türkiyənin güclü iradəsi və qarşılıqlı dəstəyi sayəsində layihənin reallaşdırılması mümkün oldu.

Beynəlxalq nəqliyyat bağlantısı olan Orta Dəhliz üzrə tranzit yüklərin həcminin artırılması və səmərəli idarə olunması məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolları arasında Birgə Müəssisə yaradılıb. Çin mənşəli yüklərin Orta Dəhlizlə Azərbaycan üzərindən daşınması bərpa edilib. Bu məqsədlə konteyner daşımalarının blok qatar şəklinə salınması və təyinatı üzrə birbaşa göndərilməsi təmin olunub.

Sonda onu da qeyd edək ki, bu gün Şimal–Cənub və Şərq–Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin rəqəmsal transformasiyası ölkəmizin qlobal nəqliyyat qovşağına çevrilməsi istiqamətində atılan vacib addımlardan biridir. ADY beynəlxalq əməkdaşlıq çərçivəsində müxtəlif rəqəmsal həlləri gerçəkləşdirərək yüklərin real vaxt rejimində izlənməsi, yükdaşıma tariflərinin avtomatlaşdırılmış şəkildə hesablanması və yüklərin daşınmasında şəffaflığın artırılması kimi innovativ yanaşmaları reallaşdırır. Bundan başqa, gömrük prosedurlarının sadələşdirilməsi və süni zəka əsaslı təhlükəsizlik həllərinin tətbiqini diqqətdə saxlayır. ADY-nin həyata keçirdiyi bu layihələr tranzit daşımalarının səmərəliliyinin artırılmasına və ölkəmizin regionda strateji mövqeyinin gücləndirilməsinə böyük töhfə verir.

V.BİNYATOĞLU
XQ

Seçilən
34
xalqqazeti.az

1Mənbələr