TehsilForumu.Az - Tarixdə elə şəxsiyyətlər var ki, əbədiyyətə qovuşduqdan sonra da xalqın yaddaşında yaşayır, adları ehtiramla yad edilir. Mənalı ömrünü xalqına, Azərbaycanın inkişafına, çiçəklənməsinə həsr edən, misilsiz xidmətləri ilə tarixin yaddaşında əbədiləşən ümummilli lider Heydər Əliyev kimi. Vəfatından 18 il ötməsinə baxmayaraq, Azərbaycan xalqı böyük hörmət və ehtiramla ümummilli liderini yad edir, Vətən qarşısında əvəzolunmaz xidmətlərini minnətdarlıqla xatırlayır."Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub", - deyən Heydər Əliyev, sözün həqiqi mənasında Azərbaycanın son yarım əsrinin möhtəşəm tarixini yazan əbədiyaşar şəxsiyyətdir. Tarix göstərir ki, Azərbaycana rəhbərliyinin həm birinci dönəmində, həm də müstəqillik qazandıqdan sonrakı dövrdə ölkədə yaranmış çətin durumda Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirib. Əbəs yerə 1969-1982-ci illəri müstəqil Azərbaycan dövlətçiliyinin təməlinin qoyulduğu dövr adlandırmırlar. Bugünkü müasir Azərbaycanın sosial-iqtisadi inkişafının əsası məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətinin birinci dönəmində qoyulub.Ümummilli lider hakimiyyətə gəlişinin birinci dönəmində ölkə həyatının bütün sahələrində olduğu kimi, təhsildə də köklü islahatlar aparmağa başladı. Bütün fəaliyyəti dövründə elmin, təhsilin inkişafına xüsusi qayğı və diqqətlə yanaşan Heydər Əliyevin sayəsində ölkə təhsili əhatəli quruculuq yoluna qədəm qoydu. Tərəqqinin yeganə yolunu məhz xalqın yüksək təhsilində, maariflənməsində görən dahi rəhbər bu sahənin inkişafına qayğısını əsirgəmirdi. O dövrdə Azərbaycan təhsilinin inkişafına mane olan bəzi amilləri aradan qaldıran Heydər Əliyev mövcud imkanları ölkənin elm və təhsilinin inkişafına, mədəni-intellektual resurslarının gücləndirilməsi işinə səfərbər etdi.Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması, onların maddi-texniki bazasının formalaşdırılması, Azərbaycan gənclərinin təhsil almaq üçün xarici ölkələrdəki ali məktəblərə göndərilməsi kimi mühüm addımlar milli müstəqillik zəminində intellektual baza rolunu oynadı.Ölkədə məktəblər, ali və orta ixtisas müəssisələri üçün yeni binalar tikildi, təhsil infrastrukturu tamamilə yeniləndi. Ölkənin ali məktəblərində 100-dən artıq ixtisasın açılması, 6 yeni ali məktəbin yaradılması, 12 orta ixtisas məktəbinin fəaliyyətə başlaması, eyni zamanda, həmin illərdə milli kadr potensialının, həmçinin o dövr üçün nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılması kimi vacib məsələlər də Heydər Əliyevin diqqət mərkəzində idi. Digər bir vacib məqam ondan ibarət idi ki, ulu öndər hər il azərbaycanlı gənclərin təhsil almaq üçün keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoymaqla bu məqsədini uğurla həyata keçirirdi. Hələ o dövrdə 15 minə yaxın azərbaycanlı gənc SSRİ-nin qabaqcıl ali təhsil ocaqlarına təhsil almağa göndərilmişdi. Hər il xaricə 800 tələbə yola salınırdı. Sevindirici haldır ki, həmin o gənclərin əksəriyyəti bu gün həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, ölkə iqtisadiyyatının, elminin, təhsilinin inkişafına öz töhfələrini verirlər.Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da ölkədəki mövcud durum bütün sahələrdə olduğu kimi, təhsilə də öz mənfi təsirini göstərmişdi. Həmin dövrdə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli lider bu dəfə də tərəqqinin yolunun təhsildən keçdiyini əsas gətirərək geniş islahatlar proqramının reallaşdırılmasını bir vəzifə olaraq qarşıya qoydu. Bir-birinin ardınca imzaladığı qərar və sərəncamlar təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin etdi.Əsası ulu öndər tərəfindən qoyulan təhsil strategiyasını bu gün uğurla davam etdirən Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində icra edilən dövlət proqramları təhsilimizin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına və yüksək nəticələrin əldə olunmasına xidmət edir. "Təhsil hər bir dövlətin gələcəyidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar", - deyən dövlət başçımız Azərbaycan gələcəyinin daha etibarlı təminatı üçün təhsilin inkişafını dövlət siyasətinin başlıca istiqamətlərindən biri olaraq görür.Bu gün Azərbaycanın sosial-iqtisadi və mədəni həyatını əhatə edən bütün sahələrdə görülən işlər, əslində Heydər Əliyevin ruhu qarşısında bir hesabatdır. Qalib ölkənin qalib lideri kimi dünyada tanınan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük müharibə ilə 30 illik torpaq həsrətinə son qoyması və İlham Əliyevin "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!" deməsi ümummilli liderin layiqli davamçısı olduğunu bir daha sübut etdi. Qarabağda qazanılan tarixi Zəfərlə bərabər, Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər, sözün həqiqi mənasında əsası ulu öndər tərəfindən qoyulmuş inkişaf strategiyasının yüksək səviyyədə davamıdır. Sözsüz ki, bütün sahələrdəki nailiyyətlər, o cümlədən də təhsil uğurları Heydər Əliyevin əsasını qoyduğu etibarlı təməllərə söykənir, daha parlaq gələcək üçün yeni hədəflər müəyyənləşdirir. İnanırıq ki, Heydər Əliyevin bizlərə ərməğan etdiyi müstəqil Azərbaycan daha böyük uğurlara imza atacaq, ölkəmizin beynəlxalq nüfuzu getdikcə daha da yüksələcək. Ulu öndərin ruhuna və parlaq amallarına ən böyük ehtiramımız və töhfəmiz məhz Azərbaycan naminə etdiyimiz faydalı işlər ola bilər. Bütün həyatı boyu daim Azərbaycan eşqi ilə çalışan ümummilli liderin ideyaları hər zaman inkişaf yolumuza işıq salacaq və bizi yeni hədəflərə doğru aparacaq.Mehriban VƏLİYEVA,Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta