AZ

Fransada azərbaycanlı tələbələrin Forumu keçirilib

Yazını böyüt
Yazını kiçilt

Parisdə Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi və “ALİM” Elmi Assosiaisyasının təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində Fransada təhsil alan azərbaycanlı tələbələrin növbəti Forumu keçirilib.

Hafta.az xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilmiş Forumda səfir Leyla Abdullayeva Azərbaycanın beynəlxalq nüfuzu və çəkisi, regional liderlik rolunun daha da yüksəlməsi və möhkəmlənməsindən danışıb. O, ölkəmizin regionda və dünyada nümayiş etdirdiyi geosiyasi və geoiqtisadi mövqeyini tələbələrə çatdırıb. Böyük güclərin ölkəmizlə bağlı geosiyasi maraqlarından, ölkəmizə qarşı qərəzli mövqelərindən söz açan səfir Azərbaycanın müstəqil xarici siyasətindən bəhs edib. Azərbaycanın sosial-iqtisadi inkişafa dair milli prioritetindən söz açan səfir onlardan birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini, həmin prioritetə uyğun olaraq, bu istiqamətdə işlər aparıldığını qeyd edib.

Səfir bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərar beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmət və etimadını əks etdirir. Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaq hər bir azərbaycanlının mənəvi borcudur.

Azərbaycan Respublikasının Fransadakı konsulu Nərgiz Tağızadə konsulluq işləri ilə bağlı məlumat verib və tələbələrin suallarını cavablandırıb.

“Alim” Elmi Assosiasiyasının sədri Günel Səfərova asosiasiyanın tarixi və fəaliyyəti haqqında məlumat verib.

Forum çərçivəsində Fransada doktorantura üzrə təhsili alan azərbaycanlı tələbələr Ülvi Bağıyev, Kübra Bayramova, Səid Paşayev "Yaşıl dünya naminə həmrəylik" mövzusu üzrə təqdimatlar ediblər. Onlar qlobal istiləşmə, karbon emissiyalarının həcmi və iqlimə təsiri, Azərbaycanın bərpaolunan enerji mənbələri və potensialı, işğaldan azad edilmiş ərazilərimizdə yaşıl enerji mənbələrindən, "Yaşıl dünya" naminə atılan addımlardan danışıblar.

Forumda Fransanın müxtəlif universitetlərində magistr və doktorluq üzrə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Seçilən
8
5
hafta.az

6Mənbələr