AZ

Laçının mədəniyyət tədbirləri Azərbaycanın zəngin mədəni irsini tanıdacaq- ÖZƏL

"Laçın uzun illər boyunca qədim Azərbaycan mədəniyyətinin və xalq irsinin daşıyıcısı olmuşdur. Şəhər, folklor, musiqi və sənətkarlıq ənənələri ilə tanınır. Mədəniyyət paytaxtı statusu bu irsi yenidən canlandırmaq və beynəlxalq ictimaiyyətə tanıtmaq üçün böyük imkanlar açır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib: "İşğal dövründə dağıdılmış abidələrin və tarixi yerlərin bərpası, şəhərin turizm potensialını artırmaqla yanaşı, Azərbaycan mədəniyyətinin dünya səviyyəsində tanıdılmasına şərait yaradacaq. MDB ölkələrindən gələn qonaqlar və turistlər Laçının mədəniyyət tədbirlərində iştirak edərək şəhərin zəngin irsini tanıyacaqlar. Bu şəhərin MDB-nin mədəniyyət paytaxtı seçilməsi, Laçının yalnız hərbi qələbə ilə deyil, eyni zamanda mədəni dirçəliş və sülhün simvolu kimi tanınmasını təmin edir. Şəhərin bərpa olunaraq keçmiş məcburi köçkünlərin qayıdışı ilə yenidən canlanması Azərbaycan xalqının öz mədəniyyətinə, torpağına bağlılığının və quruculuq əzminin təcəssümüdür.

Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi MDB ölkələri arasında mədəni və humanitar əməkdaşlığı gücləndirəcək, regional və beynəlxalq əməkdaşlığa töhfə verəcək. Burada keçiriləcək festivallar, sərgilər və tədbirlər müxtəlif xalqları bir araya gətirərək qarşılıqlı anlaşmanı və dostluq münasibətlərini dərinləşdirəcək. Bu, həmçinin, Azərbaycanın mədəni diplomatiya sahəsində güclü mövqeyini nümayiş etdirir. Bu status ölkənin mədəni irsinin daha geniş coğrafiyada tanıdılmasına, həmçinin Azərbaycanın beynəlxalq mədəni proseslərdə fəal iştirakına imkan yaradacaq. Laçında keçiriləcək tədbirlər Azərbaycan mədəniyyətinin, musiqisinin, incəsənətinin və adət-ənənələrinin MDB məkanında və ondan kənarda daha da tanınmasına şərait yaradacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
olaylar.az

1Mənbələr