AZ

Bakı metrosunda əmlaka ziyan vuran Fransa vətəndaşının şikayəti üzrə məhkəmə başlayıb

Bakı metrosunun deposuna gizli daxil olaraq bir neçə vaqonu rəngləməkdə ittiham olunan Fransa vətəndaşı Clerk Theqo Hüqo, Yeni Zelandiya vətəndaşı De-Saint Quentin İsmael və Avstraliya vətəndaşı Han Paulun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən De-Saint Quentin İsmael və Han Paul apellyasiya şikayətinin geri götürülməsi iıə bağlı məhkəməyə ərizə ilə müraciət edib.

Məhkəmənin qərarı ilə onların apellyasiya şikayətinə xitam verilib.

Təqsirləndirilən Clerk Theqo Hüqonun vəkili Elçin Sadıqov məhkəmədə iki vəsatət qaldırıb.

O, məhkəmənin istintaqla keçirilməsini və müdafiə etdiyi şəxsin barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Dövlət ittihamçısı Emin Mirzəyev vəsatətin təmin olunmamasını istəyib.

Vəsatət təmin olunmayıb.

Məhkəmənin baxış iclası 28 oktyabra təyin olunub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, araşdırmalarla Fransa vətəndaşı Clerk Theqo Hüqo, Yeni Zelandiya vətəndaşı De-Saint Quentin İsmael və Avstraliya vətəndaşı Han Paulun 30 mart 2024-cü il gecə saatlarında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə məxsus depoya qanunsuz daxil olaraq qəsdən dövlət əmlakına ziyan vurmalarına dair şübhələr müəyyən edilib.

Əməldə cinayət tərkibi yarandığından Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə polis idarəsində fakta görə başlanmış cinayət işi üzrə Fransa Respublikasının vətəndaşı Clerc Theqo Hüqo məhkəmənin qərarı ilə üç ay müddətinə həbs, digərləri barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirləri seçilib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Clerk Theqo Hüqo 3 il müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslər 6 min 800 manat cərimə cəzasına məhkum olunub. Onların zərərçəkmiş quruma vurduqları ziyan tam ödətdirilib.

Seçilən
13
3
apa.az

8Mənbələr