AZ

İran o səhvləri etməsəydi... - Abbasəli Həsənov

Yazını böyüt
Yazını kiçilt

Tanınmış Azərbaycan diplomatı, 1998-2009-cu illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri olmuş Abbasəli Həsənovla budəfəki müsahibəmizdə Yaxın Şərq böhranı, İranla İsrail arasında artan gərginlik, bunun bölgəyə təsiri və digər mövzularla bağlı söhbətləşdik:

- Son günlər İsraillə genişmiqyaslı müharibə təhlükəsi həddinə çatmış bir durumda İran rəhbərliyinin siyasətini necə dəyərləndirirsiniz?

-İran Prezidenti Məsud Pezeşkian son çıxışında bildirdi ki, mən hakimiyyətə gələndə öz xalqıma onların çətiniliklərini aradan qaldırmaq, ölkədə gözəl bir həyat qurmaq üçün əlimdən gələni edəcəyimə söz vermişdim. Gözlənilmədən tale elə gətirdi ki, artıq hamımız bir yerdə əl-ələ verib bu çətinliklərin öhdəsindən gəlməli, Vətənimizi qorumalıyıq… İran prezidentinin həmin çıxışında İsrailə qarşı hansısa bir təhdiq eşitmədim. Görünür, İran qarşıdurmanı o qədər də dərinləşdirmək istəmir. Əslinə qalsa, İsrail də sanki hücum etmək istəmir, gözləyirlər ki, əgər İran yenidən hücum etmək istəsə, o halda hücum etsinlər. Bir sözlə, hər iki tərəf məsələnin ağırlığını yaxşı başa düşür. Bir tərəfdən, İsrail ərazisi çox kiçikdir. Əgər İran bu ölkəyə genişmiqyaslı hücum etsə, istənilən halda insan tələfatları da ola bilər. Eyni zamanda İran da başa düşür ki, neft obyektlərinə, yataq və anbarlarına, həmçinin energetika obyektlərinə zərbə vursalar, ölkə iqtisadiyyatına və bütövlükdə xalqın onsuz da gündən-günə ağırlaşan sosial durumuna böyük zərərlər dəyə bilər. Digər tərəfdən, cənab Pezeşkianın Amerikada İran diasporunun üzvləri ilə görüşdə də dediyi kimi, ölkə həm də etnik və ərazi baxımından parçalanma təhlükəsi qarşısında qala bilər. 52 milyonluq Azərbaycan əhalisi bir yana, Bəlucistan bir yana, Xuzistan digər yana, Kürdüstan o biri yana ayrıla bilər. İsraillə genişmiqyaslı hərbi əməliyyatlardan sonra bu proses real şəkildə başlana bilər. Güman edirəm, bütün bunları dərk edən İran rəhbərliyi gündəlik çıxışlarda görünən kəskin ritorikaya rəğmən müxtəlif siyasi-diplomatik kanallarla müharibənin qarşısını almağa çalışır..

-İsrail və onun əsas müttəfiqi olan ABŞ-nin yaranmış duruma baxışı haqda nə söyləmək olar?

-Hələlik bu məlumdur ki, ABŞ İsrailin İranın neftlə bağlı təsisatlarına zərbələr endirməsinin əleyhinədir. Bu halda dünya bazarında neftin qiyməti qalxacaq və bu da Ukrayna ilə bağlı belə bir gərgin vəziyyətdə Rusiyanın neftdən daha çox gəlir əldə etməsinə gətirib çıxaracaq. Bu isə Putinin əl qolunu açmaqla Ukrayna cəbhəsində əlavə çətinliklər yaradacaq. Başqa sözlə, İsrailin İranın neft obyektlərinə zərbə vurmasından qazanan Rusiya olacaq. Digər tərəfdən, İsrail hakimiyyəti sanki başa düşür ki, müharibənin hər bir halda başlaya bilməsi ehtimalı var. Eyni zamanda İsrailin keçmiş baş naziri Bennet belə bir fikir də işlətmişdi ki, biz İranla bağlı bu cür durumun yaranmasını 50 il idi ki, gözləyirdik. Yəni söhbət İranın proksi qüvvələrinin zəifləməsindən gedir. “HƏMAS”, artıq tam zəifləyib, elə bir gücü qalmayıb. İndiyədək dünyada ən böyük və güclü qeyri-dövlət hərbi qurumu olan “Hizbullah” da xeyli sarsıdılıb. “HƏMAS” liderinin öldürülməsinin ardınca “Hizbullah” lideri və onun ən yaxın silahdaşları da aradan götürülüb. Son məlumatlara görə, Həsən Nəsrullahın yerinə təyin olunmuş yeni lider də İsrail tərəfindən qətlə yetiriilib. Artıq elə bir durum yaranıb ki, “HƏMAS” və “Hizbullah”ın rəhbərliyində qalanlardan heç kəs boş qalmış liderlərin yerini rəsmən tutmaq istəmir. Bilirlər ki, həmin şəxs məlum olan kimi dərhal İsrail onu aradan götürəcək. İsrail, həmçinin Yəməndəki husilərlə bağlı da eyni addımları ata bilər. Bir sözlə, rəsmi Təl-Əviv İranın bütün proksi qüvvələrini sarsıtmaq istəyir ki, Tehranın əl-qolu bağlanmış olsun. İndiyədək həmin proksi-qüvvələr İran üçün həm müdafiə, həm də yeri gələndə hücum rolunu oynayıb. İran isə heç bir ölkə ilə birbaşa savaşa girmək istəmir. Ona görə ki, öncə dediyimiz kimi, bu halda onun iqtisadiyyatına güclü zərbələr dəyər və bunun ardınca ölkənin, hakimiyyətin çökməsinə gətirib çıxaracaq digər hadisə və proseslər baş verə bilər...

-Deyəsən, ABŞ son günlər hərbi-siyasi baxımdan bölgədə çox fəallaşıb?

Düzdür, oktyabrın 6-da xəbərlər yayıldı ki, ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının rəhbəri general Maykl Kurilla İsrailə səfər edib. Əgər belə bir çinli Amerika generalı regiona gəlirsə, bunu müharibənin başlama ehtimalının çox yüksək olması kimi də dəyərləndirmək olar. Elə bu səfərdən bir qədər əvvəl təxminən 3-5 günə İsraillə İran arasında müharibənin başlanacağı haqda proqnozlar yayılmışdı. Kurillanın qərargahı Qətərdədir. O, Qətərdən İsrailə yollanıb. İsrailin regionda bir neçə müdafiə sistemləri arasında koordinasiya yarada biləcək şəxs məhz general Kurilladır. Bir tərəfdən İsrailin özünün müdafiə sistemi, ikincisi ABŞ-nin bölgədə, Yaxın Şərqdə müdafiə sistemi var. Üçüncüsü, regionda Avropa ölkələri və NATO-nun müdafiə sistemi və dördüncü bölgədəki ərəb ölkələrinin müdafiə sistemi. Beləliklə, bu sadalanan nəhəng müdafiə sistemlərini koordinasiya etməyin öhdəsindən İsrail özü təkbaşına gələ bilməz. Məsələn, İsrail NATO üzvü olmadığına görə, həmin alyansa üzv ölkələrlə nəyisə birbaşa razılaşdıra bilməz. Eyni zamanda regiondakı ərəb ölkələri ilə də İsrailin münasibətləri olmadığına görə onların müdafiə sistemləri ilə də bağlı koordinasiya işini apara bilməz. Odur ki, bu işin hamısını Amerika generalı Maykl Kurilla öz öhdəsinə götürüb. Bu mənada da İsrail ABŞ-dən asılı durumdadır. Bu fakt həm də onu göstərir ki, ola bilsin, doğrudan da İranla İsrail arasında müharibə yaxınlaşır. Düzdür, öncə dediyim kimi, hər iki tərəf baş verə biləcək savaşın nəticəsini başa düşür. Vəziyyət, artıq “iki qoçun başı bir qazanda qaynamaz” həddinə gəlib çatıb...
İranla İsrail arasındakı hazırkı durum məşhur komik aktyorlarımız Lütvəli və Bəşir Səfəroğlunun “vur-vurum” səhnəciyindəkinə bənzəyir. Bu da var ki, kim birinci vuracaqsa, günah onun boynunda qalacaq.
Bu müharibə başlasa, region üçün, o cümlədən Azərbaycan üçün böyük təhlükələr, təhdidlər yaranacaq və onun nə vaxt bitəcəyi də məlum deyil. Qısa çəkəcəyi halda belə yenə də hər hansı genişmiqyaslı savaş böyük təhlükə, insan faciələridir. Bu saat bölgədə sabitliyin, əmin-amanlığın olması müharibədən yenicə çıxmış, torpaqlarını azad etmiş, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan üçün də hava-su kimi lazımdır.

- Yeri gəlmişkən, maraqlıdır, sizcə, İsrail indiyədək niyə birbaşa NATO-ya üzv olmur?
- Əgər İsrail NATO-ya üzv olsa, bütün hərəkət və davranışlarını bu alyansla razılaşdırmalıdır. Buna müqabil olaraq Şimali Atlantika Alyansı İsrailin tam təhlükəsizliyi üçün bütün lazımi tədbirləri görməlidir...

- Bəzi məlumatlara görə, İsrailin İranla müharibə başlayacağı halda həmin ölkənin mülki əhalisi ilə davranmaq taktikası Qəzza və Livandakından fərqli olacaq.
- Bəli, Qəzza və Livandakı əməliyyatlardan fərqli olaraq İranda dinc, mülki əhalinin kütləvi şəkildə qırğını gözlənilmir. Maraqlıdır ki, istər ABŞ, istərsə də İsrail rəsmilərinin əksəriyyətinin mövqeyi belədir ki, hərbçilər mümkün qədər İranın mülki əhalisinə toxunmasın. Məsələn, Netanyahu da çıxışlarında açıq şəkildə deyir ki, İran əhalisi ilə heç bir işimiz yoxdur, işimiz İrandakı hakim rejimlədir.
- Necə hesab edirsiniz, İranın əsasən hansı səhvləri bu gün həmin dövləti İsraillə birbaşa genişmiqyaslı müharibə həddinə gəlməsinə gətirib çıxardı?
- Bilirsiniz, bütün ölkələr üçün bir növ siyasi bir düstur var: keçmişdə xarici siyasətdə buraxılan səhvlər bir gün mütləq həmin ölkənin daxili siyasətinə də, başqa sözlə, o dövlət və xalq üçün öz mənfi təsirini göstərməlidir. Digər tərəfədən, xarici siyasət daxili siyasətin davamıdır. Konkret İrana gəldikdə, əgər xüsusən 1979-cu il İslam inqilabından sonra xarici siyasətdə bu qədər səhvlər buraxılmasaydı, yəni İsrailə, Qərbə, ABŞ-yə qarşı belə radikal siyasət aparılmasaydı, dövlət və xalqın üzərinə bu qədər embarqolar, sanksiyalar yüklənməz, İran bir sıra imtiyazlardan məhrum edilməz və ölkə bugünkü həm hərbi-siyasi baxımdan təhlükəli, həm də iqtisadi-sosial baxımdan acınacaqlı bir duruma düşməzdi. Bir vaxtlar Məhəmməd Hatəminin prezidentliyi dövründə, onun “Sivilizasiyalararası dialoq” layihəsinin həyata keçirildiyi bir vaxtda Qərblə, ABŞ ilə münasibətlər xeyli dərəcədə yumşalmışdı. Hatəmidən sonra hakimiyyətə gələn Mahmud Əhmədinejad yenə də kəskin mövqe tutdu. Nəticədə, Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyalar, embarqolar rəsmi Tehranın xarici siyasətinə uyğun olaraq get-gedə kəskinləşdi. Bunlar da İranın iqtisadiyyatına böyük zərbə vurdu.
Bu gün isə elə bir vəziyyət yaranıb ki, İsrail tərəfindən İranın nüvə obyektləri də vurula bilər ki, bu da böyük bir fəlakətə gətirib çıxara bilər. Yəni zərbələrdən sonra həmin obyektlərdəki partlayış və yanğınlar ölkə əhalisi üçün güclü radiasiya təhlükəsi də yarada bilər.
Bax, belə bir həddindən artıq təhlükəli durum yaranıb və bu gün dünyada özlərini güc sahibi hesab edənlərin müdrikliyi ortalığa qoyulmalıdır ki, bəşəriyyət növbəti dağıdıcı müharibədən qurtulsun. Təəssüflər olsun, digər tərəfdən də bilirik ki, yeni geosiyasi, geoiqtisadi düzən qurulur. Bu proseslər də müharibələrdən keçəcək.
Bir sözlə, vəziyyət çox gərgindir. Bu gedişlə görünür ki, 2-3 günə İran-İsrail qarşıdirması daha gərgin fazaya keçə bilər.
- Bu günlərdə xəbər yayıldı ki, guya İran artıq Kəvir səhrasında ilk nüvə sınağını həyata keçirib.Yəqin ki, bu, qarşı tərəfin dezinformasiyası imiş...
- Mən İran və İsrail saytları ilə maraqlandım, ancaq belə bir ciddi məlumat tapa bilmədim. Bəli, bir dezinformasiya ola bilər. Təbii ki, müharibədə həlledici rol oynayan amillərdən biri də informasiya savaşıdır.

- Siz vurğuladınız ki, İranla müharibə başlayacağı halda, İsrail ətrafında dörd səviyyəli müdafiə sistemini yalnız ABŞ generaliteti koordinasiya edib qura bilər. Bu belə bir məntiqi nəticəyə gətirmir ki, ABŞ istəsə, İsraili İranla genişmiqyaslı savaşdan çəkindirə bilər?
- Amerikanın dəstəyi olmasa, İsrail uzun müddət İranla savaşda nə hərbi, nə də iqtisadi baxımdan duruş gətirə bilər. ABŞ Netanyahunu bu savaşdan çəkindirməyə ciddi şəkildə cəhd edəcəkmi? Düzdür, müasir texnologiya baxımından İsrailin silah və texnikaları İranınkından yüksəkdir. Canlı qüvvə sayı, müəyyən texnika sayı, eləcə də ümumi əhali sayı və ərazi baxımından İran daha üstündür. Bu da var ki, İsrail dinc durmur, İranın “Hizbullah”, “HƏMAS” kimi proksilərinin tam məhvi üçün çalışır ki, müharibə olacağı halda İran əl-qol aça bilməsin...
- Bu dəfə də İsraillə İran arasında böyük savaşı durdurmaq mümkün oldu. Bəs ümumiyyətlə, bundan sonra dünyada gedən proseslərin gedişatını, sonunu necə görürsünüz?
- İran–İsrail arasındakı son qarşıdurma hələ çox uzun vaxt aparacaq. Bu gedişlə Yaxın Şərqin başında hələ çox bəlalar gözlənilir. ABŞ-nin 2005–2009-cu illərdə hakimiyyətdə olmuş keçmiş dövlət katibi Kondoliza Raysın proyekti vardı bu region haqqında. Belə çıxır ki, hadisə və proseslər o istiqamətdə gedir. Son vaxtlar baş verənlərdə məhz həmin layihənin – yeni geosiyasi xəritənin cizgiləri görünür. Təəssüflər olsun, belə bir proses gedir. İndi hələ ki sakitləşmiş erməni ideoloqların bir vaxtlar hay-küylə “Böyük Ermənistan” dediyi kimi, İsrailin də bir sıra ideoloqları “vəd olunmuş torpaqlar” əsasında qurulacaq “Böyük İsrail” xəritəsini reallaşdırmaq üzərində çalışırlar. Həmin “Böyük İsrail”i yaratmaq üçün isə dörd dövlət çökməlidir: İraq, Suriya, İran və gerisindən Allah saxlasın. Ərdoğan artıq açıq şəkildə dedi. Belə çıxır ki, həmin layihədə 4-cü dövlət də Türkiyədir. Bu minvalla regionda gərginlik daha da artacaq. Təəssüf ki, nə elə bir regional, nə də beynəlxalq təşkilat yoxdur ki, baş verənləri tənzimləsin və bu proseslərin qarşısını alsın.
Adam heç dilinə belə, gətirmək istəmir... Görünən odur ki, dünyadakı ictimai-siyasi, hərbi və iqtisadi prosesləri idarə edən hegemon güclər heç nəyə baxmadan hərəkət edirlər. Məsələn, vaxtilə kimin ağlına gələrdi ki, Rusiya və Ukrayna arasında belə bir dəhşətli müharibə olacaq. İki il yarımdan çoxdur, həmin dəhşət davam edir, heç təxminən də proqnozlaşdırmaq mümkün deyil ki, bu qarşıdurma nə vaxt bitəcək. Bu gedişlə hələ dayanmayacaq və heç bir tərəf də qələbə çala bilməyəcək. Bu qədər dağıntılar, bu qədər ölüm... Hər iki tərəfdən ümumilikdə həm mülki, həm də hərbi şəxslər daxil olmaqla artıq bəlkə də 1 milyondan çox insan həlak olub...
Bilirsiniz, belə hadisələr tarixən də baş verib. Demək olar, hər yüzillikdə bu cür siyasi tektonik proseslər özünü göstərir. Müharibələr, dağıntılar, ölümlər, zülmlər, məşəqqətlər... Bir müddət sonra isə hansısa bir istəklərə nail olduqdan sonra müəyyən yeni düzən, nizam yaradırlar və 70-80 il keçdikdən sonra oxşar faciə və fəlakətlər yenidən təkrarlanır. Görünür, bu minvalla hazırkı hərbi-siyasi qarşıdurmalar, savaşlar, qətliamlar, ən azı, 2030-cu ilədək davam edəcək. Ondan sonra qəribə bir düzən peyda olacaq; pis-yaxşı, mənfi-müsbət. Sonda yenə də həmin qlobal güclər regionları münaqişələr yoluyla yönəltməkdə davam edəcəklər...

 

Seçilən
99
50
hafta.az

10Mənbələr