AZ

Azərbaycana qarşı yeni təxribat üsulu: Avropa İttifaqının "Binokl diplomatiyası" nəyə işarədir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki müşahidə missiyası öz fəaliyyəti və tərkibinə görə mülki missiya olmaqdan çıxıb və indi daha çox hərbi missiya kimi fəaliyyət göstərir. Aİ bu istiqamətdə yeni təxribat üsuluna əl atıb və "binokl diplomatiyası" yerinə yetirir. Yəni, 2022-ci ilin dekabrından başlayaraq formalaşdırılan bu təsisatın sülh konsepsiyası görünür yalnız kağız üzərində olub, əsas fəaliyyət təxribat törətməyə hesablanıb. Çünki sərhəd boyu gəzinti etmək, neçə kilometr yol qət etdiklərini yazmaq, durbinlə Azərbaycan ərazilərinə baxmaq ciddi fəaliyyət olmamaqla yanaşı, mənfur planların göstəricisidir. Ona görə də bu fəaliyyətin Fransa başda olmaqla, kollektiv Qərbin Cənubi Qafqaz maraqlarının tərkib hissəsi olduğu şübhə doğurmur. Ona görə də Aİ müşahidəçiləri Ermənistana gəldikləri gündən etibarən sülh quruculuğu fəaliyyətindən başqa istənilən işlə məşğul olublar.
Əbəs deyil ki, Prezident İlham Əliyev də Belçika Krallığının ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən "binokl diplomatiyası"nın qəbuledilməz olduğunu bildirib:
"2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Missiya üzvlərinin davranışı, necə deyərlər, "binokl diplomatiyası" heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi. Biz Avropa İttifaqı ilə təmaslarda bu məsələni qaldıracağıq".
Mövzunu Oxu.Az-a dəyərləndirən politoloq Rəşad Bayramov bildirib ki, Avropa İttifaqının müşahidə missiyasının Ermənistan ərazisindəki fəaliyyəti həm də Azərbaycanın razılığı ilə başlayıb: "Yəni əvvəl Aİ-nin mülki müşahidə missiyasının Azərbaycan və Ermənistan ərazisində yerləşdirilməsi və sərhəd boyu xidmət etməsi nəzərdə tutulurdusa, Azərbaycan haqlı olaraq ərazilərimizdə hər hansı bir xarici müşahidə missiyasının yerləşməsinə ehtiyac olmadığını bəyan edərək, bundan imtina etdi. Amma Ermənistan rəhbərliyi missiyanın ölkə ərazisində yerləşməsinə razılıq verdi. Həmin müşahidə missiyası 2 aylıq müddət üçün yaradılmışdı və məqsəd sülh quruculuğuna töhfə verməkdən ibarət idi. Amma nəticə etibarilə 2 ay tamamlandıqdan sonra biz müşahidə missiyasının müddətinin uzadılmasına və tərkibinin genişlənməsinə şahidlik etdik. Məlum oldu ki, həmin missiyasının tərkibi artıq professional hərbçilərdən, polislərdən, kəşfiyyat işçilərindən ibarətdir. Bu da mülki müşahidə missiyasının artıq mülkilikdən çıxdığı və daha çox hərbi müşahidə missiyası funksiyasını yerinə yetirdiyi anlamına gəlir. Bu baxımdan da, Azərbaycan prosesə təbii olaraq öz haqlı etirazını bildirib".
"İlk olaraq müşahidə missiyası adı altında regiona soxulmağa müvəffəq olan Qərb dairələrinin əvvəldən də planı ondan ibarət idi ki, bu missiya faktiki olaraq zaman-zaman tərkibini genişləndirsin və Ermənistanın Rusiyanın təsir dairəsindən çıxarılması fonunda ruslardan boşalan yeri tutsun. Yəni, Avropa İttifaqını hərbi birlikləri hansısa formada regiona yerləşsin. Ona görə də bu missiya faktiki olaraq növbəti mərhələlərdə hansı addımlar atacağı ilə bağlı bütün sərhəd boyu ərazilərdə kəşfiyyat fəaliyyətini həyata keçirir. Mütəmadi olaraq şərti sərhəddə yaxınlaşaraq Azərbaycan ərazilərini binokl ilə müşahidə edilməsi, eyni şəkildə İranla, Gürcüstanla, Türkiyə ilə bağlı kəşfiyyat məlumatlarının toplanılması İttifaqın fəaliyyətinə daxildir. Məqsəd Avropa İttifaqının maraqlarının təmin olunması istiqamətində konkret addımların atılmasıdır", - deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, Aİ müşahidə missiyasının bu günə qədərki fəaliyyətini təhlil edəndə, ancaq təxribatların həyata keçirildiyini görmək mümkündür: "Son olaraq isə bir neçə gün əvvəl həmin missiyanın 8 nəfərindən ibarət heyəti erməni hərbçilərlə birlikdə növbəti dəfə Azərbaycanın şərti sərhədinə yaxınlaşıb ərazilərimizin müşahidəsini aparmış və bundan bir neçə gün keçməmiş, biz həmin istiqamətdə Ermənistan tərəfindən hərbiçilərin, eləcə də silah və texnikanın cəmlənməsinə şahidlik etdik. Bu da Ermənistan rəsmilərinin müxtəlif beynəlxalq tribunalardan guya Ermənistanın təhlükəsizlik problemi ilə üzləşməsi ilə bağlı bəyanatlar verməsi fonunda baş verdi. Yəni, Ermənistan təxribatlar üçün sadəcə zəmin formalaşdırır. Ona görə də bütün bunlar ona deməyə əsas verir ki, biz yaxın günlərdə Ermənistan tərəfindən növbəti təxribatlara şahid edəcəyik və bu təxribatların arxasında dayanan əsas ilhamverici güc də Avropa İttifaqının müşahidə missiyasıdır".
"Başqa sözlə desək, bu gün həmin missiya regionda sülh quruculuğundan başqa istənilən fəaliyyətlə məşğuldur. Təbii ki, bu da Azərbaycanın haqlı etirazına səbəb olur. Ölkə başçısının da bu fəaliyyətə etiraz etməsi, həmin missiyanın öz mandatına uyğun fəaliyyət göstərmədiyi ilə bağlı çox sayda faktların və sübutların olduğunu da deməyə əsas verir", - müsahibimiz fikrini yekunlaşdırıb.
Mərahim Nəsib
Seçilən
10
1
oxu.az

10Mənbələr