AZ

"Cavan yaşda həyatlarını itirdilər!"

Uzun illərdir Nyu-Yorkda yaşayan azərbaycanlı müğənni Zaur Bədəlov News24.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Siz 30 ildən sonra Bakıda klip çəkdirdiniz, təəssüratlar necə idi?

- "Ağlama ana" klipini ərsəyə gətirməkdə məqsədim qələbəmizə bir dəstək idi. Fikirləşirdim ki, necə edim mən də öz növbəmdə həm ölkəmin qələbəsinə, bu yolda övladlarını itirmiş şəhid analarının və ümumilikdə xalqımın ağrı-acısına dəstək olum. Axı, vətən, xalq uğrunda canından keçən o insanlar yaşayıb, ölkəmizə övlad gətirə bilərdilər. Cavan yaşda həyatlarını itirdilər, onlar həyatda nə yaşamışdılar ki?! 

Həyatdan zövq ala bilərdilər, gözəl günlər yaşaya bilərdilər...

Amma onlar şəhid oldular. Onlar Vətən, xalq üçün canlarından keçiblər. Və beləcə "Ağlama ana " klipini çəkdim. Bu da mənim onlara edəcəyim bir borcdur, bir missiyadır. 

- İllər öncə Bakıda hansı tanınmışlarla bir səhnəni bölüşmüsünüz? 

- İkinci sualınıza gəlincə o vaxtlar bir çox məşhurla çalışmışam. Faiq Ağayev, Samir Bağırov, "Karvan" qrupu, Briliant Dadaşova, "Qaya" qrupu və bir çoxları ilə birgə çalışaraq eyni səhnəni bölüşmüşəm. Təəssüflər olsun ki, birlikdə çalışdığım bəstəkarların, sənətkarların artıq çoxları aramızda deyil.Allah onlara rəhmət eləsin!

- O illərə qayıtsaq nələri indiyə gətirmək istərdiniz?

- Əvvəlki illərə qayıtsam, belə deyim, o illərdən çox şeyi indiki dövrə gətirmək istəyərdim. Əsas da müəllimim olmuş "Qaya" qrupunun solisti Rauf Babayevlə yenidən rastlaşmaq istərdim. Onunla birlikdə  mərhum bəstəkar Tofiq Babayevlə, eləcə də İsmayıl Dadaşovla çalışmaq istəyərdim. Onlar mənim taleyimlə bağlı çox yaddaqalan addımlar atıblar.

- ABŞ-dan Azərbaycan mədəniyyəti necə görünür? 

- Azərbaycan mədəniyyətinə gəlincə, düşünürəm ki,  şükürlər olsun hər şey qaydasındadır. Azərbaycan həmişə dahi musiqiçilər, şairlər ümumilikdə mədəniyyət və incəsənət xadimləri yetişdirib, yetişdirir və bundan sonra da yetişdirəcək. Mən hazırda Nyu-Yorkda yaşayıram, amma mənim əsas peşəm musiqi deyil. Baxmayaraq ki, mən musiqi ilə Bakıda olarkən, peşəkar səviyyədə məşğul olmuşam. Şükürlər olsun ki, burada bir sənətim var və uzun illərdi Amerikada nəqliyyat şirkətində çalışıram. Amma bu o demək deyil ki, mən musiqi ilə qeyri-peşəkar səviyyədə məşğul oluram. Sadəcə, ürəyimdən oxumaq istəyəndə, özümü saxlaya bilmirəm, oxuyuram. Yeni əsərlər üzərində çalışıram. Yəni, istəyəndə oxuyuram, istəməyəndə oxumuram. Yəni, bu mənim əsas sənətim deyil.

- Musiqidə hansı uğurları həyata keçirmək istərdiniz? 

-Mənim istəyim və məqsədim odur ki, həmişə doğma azərbaycanlılarımın yanında olum. Bakıda dinləyicilərlə görüşüm, onlarla gözəl vaxt keçirtmək istəyirəm. Məqsədim konsert verib dostlarımı ətrafıma toplamaqdır. Necə deyərlər, köhnə illərə qayıtmaq istəyirəm.

Ağa


Seçilən
91
50
news24.az

10Mənbələr