AZ

“Kodak”, “Nokia”, “Tupperware” zirvədəki yerlərini niyə itirdilər?

 

  “Kodak”, “Nokia”, “Tupperware” zirvədəki yerlərini niyə itirdilər? Biz hamımız bunun necə baş verdiyini gördük. Hər gün istifadə etdiyimiz, ehtiyac duyduğumuz bir brend birdən yoxa çıxır. “Kodak”ı düşünün, bir vaxtlar foto dünyasının kralı idi. Ya da “BlackBerry” - hər kəsin əlində olmasını istədiyi telefon. Və ya “Nokia” - ən məşhur mobil telefon istehsalçılarından biri. Bu brendlər hər yerdə idi, amma bu gün ya tamamilə yoxa çıxıblar, ya da tanınmaz hala gəliblər. İndi isə daha bir ikon bu siyahıya qoşuldu: “Tupperware”. Milyonlarla insanın həyatını dəyişdirən yeməksaxlama markası sürətlə dəyişən dünyada illərlə aktual qalmaq mübarizəsi aparsa da, sonra müflis olduğunu elan etdi.

  Bəs səhvlər haradadır? Bir vaxtlar güclü brendlər zirvədəki yerlərini niyə və necə itirdilər?

  Gəlin, birlikdə “Tupperware”in yüksəlişi və enişini araşdıraq, “Kodak”, “BlackBerry”, “Nokia” və başqalarının əhvalatlarındakı bənzər dərslərə də baxmaqla.

  “Tupperware” 1940-cı illərdən ABŞ-da hər kəsin tanıdığı bir ad oldu. Kimyaçı Erl Tapper (Earl Tupper) neftin təmizlənməsi prosesindən qalan kimyəvi qalıqlardan istifadə edərək plastik qablar icad etmişdi. Bu qablar yeməkləri saxlamaq üçün nəzərdə tutulmuşdu. Onlar insanlara tullantıların qarşısını almağa kömək edirdi ki, bu da İkinci Dünya Müharibəsindən sonra çox vacib idi.

  “Tupperware” təkcə yemək saxlamaq üçün olmadı, qonaqlıqları sayəsində mədəni bir hərəkata – reklama döndü. Bu qeyri-ənənəvi marketinq strategiyası üçün qadınlar əməlli-başlı müstəqil satış təmsilçiləri kimi istifadə edilirdi. Onlar evlərində “Tupperware” qonaqlıqları təşkil edərək məhsulları birbaşa dostlarına və qonşularına satırdılar.

  On illər boyu bu marketinq modeli işə yaradı və şirkət ABŞ-dan kənara genişləndi. Ancaq alış-veriş vərdişləri dəyişdikcə “Tupperware” buna uyğunlaşmaqda çətinlik çəkdi. Onlayn alış-veriş və yeni rəqiblər köhnə üsulları təsirsiz etdi. Yenilənməyə çalışmasına baxmayaraq, “Tupperware” əvvəlki şöhrətini geri qaytara bilmədi. Nəhayət, şirkət borclarının artması və satışlarının azalması üzündən müflis oldu.

  “Kodak”ın əhvalatı isə gələcəyi icad edən, amma ona hazır olmayan bir şirkətin klassik nümunəsidir. 1970-ci illərdə “Kodak” rəqəmsal fotoqrafiyanı icad etdi. Bu, fotoqrafiyanı yerindən edəcək, videolara yol açacaq bir texnologiya idi. Amma şirkət bunu dəyərləndirə bilmədi.

  “Sony” və “Canon” kimi rəqiblər rəqəmsal kameralarla irəlilədikcə “Kodak” öz dövrü ilə uyğunlaşa bilmədi. Bunu anlayanda artıq gecikmişdi. 2012-ci ildə “Kodak” müflis olduğunu elan etdi ki, bu hadisə fotoqrafiya dünyasına bir əsrdən çox hökmranlıq edən bir şirkət üçün kədərli son idi.

  Uzun illər boyu “BlackBerry” hər kəsin istədiyi telefon idi. Onun kiçik klavyaturası var idi ki, bu da e-mail yazmağı asanlaşdırırdı. Amma “Apple” 2007-ci ildə “iPhone”u təqdim edəndə hər şey dəyişdi. “iPhone”un zərif dizaynı və toxunma ekranı “BlackBerry”nin telefonlarını köhnə kimi göstərdi. Demək, “BlackBerry” smartfon inqilabı ilə ayaqlaşa bilmədi. Bu gün şirkət artıq telefon istehsal etmir və daha çox proqram təminatına, xüsusilə kibertəhlükəsizliyə diqqət yetirir.

  Belə nümunələr hətta ən populyar brendlərin belə zamanla uyğunlaşmalı olduğunu göstərir.

  2000-ci illərin əvvəlində mobil telefonlar sahəsində ən böyük adlardan biri də “Nokia” idi. Onun telefonları davamlı və etibarlı idi. Amma “BlackBerry” kimi “Nokia” da smartfonlara keçməkdə gecikdi.

  “Nokia” “Microsoft” ilə əməkdaşlıq edərək “Windows” telefonlarını yaratdı ki, bu da geri qalmamaq üçün bir cəhd idi, ancaq işə yaramadı. 2016-cı ilə qədər “Nokia” yavaş-yavaş telefon biznesindən çıxdı. Bu gün şirkət telekommunikasiya infrastrukturu üzərində cəmlənib, artıq bir vaxtlar olduğu mobil telefon lideri deyil.

  Bir neçə başqa şirkət də böyük çətinliklərlə üzləşib. Vaxtilə dünyanın ən böyük oyuncaq mağazaları şəbəkəsi olan “Toys ‘R’ Us” 2017-ci ildə 5 milyard dollarlıq borcla müflis oldu və ABŞ-dakı mağazalarını bağladı. Amma yeni sahibləri sayəsində geri qayıtmağa çalışır.

  2000-ci illərdə “Facebook” ilə rəqabət aparan sosial media platforması “Orkut” populyarlığını itirdi və 2014-cü ildə “Google” onu bağladı. Təsisçisi Orkut Buyukkokten indi platformanın yeni versiyası üzərində işləyir.

  “Toshiba” heç vaxt müflis olmasa da, mühasibatlıq qalmaqalları yaşadı və maliyyə çətinlikləri səbəbindən böyük problemlərlə üzləşdi. 2021-ci ildə bir investor qrupu onu satın aldı və öz şirkətinə çevirdi. Uzun müddət ictimai şirkət olan “Toshiba” beləcə tarixini başa vurdu.

  “Tupperware”, “Kodak”, “Nokia”, “Toshiba” kimi bütün bu real hadisələrdən çıxan dərs odur ki, təkcə yenilik kifayət deyil. Dəyişən dünyada şirkətlər daima uyğunlaşmalıdır. Zamanla ayaqlaşa bilməyənlər tarixdə itib-batmaq riski ilə qarşı-qarşıya qalır. Amma yenə də ümidi itirmək, pessimist olmaq doğru deyil. Bəzi brendlər özlərini yenidən kəşf etməklə, yeni sahələrə keçməklə və ya güclü tərəflərinə diqqət yetirməklə dik durmağı bacarırlar.

  Köhnə təcrübələrdən bəhrələnərək yenilənməkdən qorxmayaq, həyatın axınına uyğunlaşaq və həm də özümüz olaq.



Seçilən
80
15
trt.net.tr

10Mənbələr