AZ

«Notariusun xatirələri» -dən yazdı  Əbülfət Mədətoğlu

Belə bir deyim var. Kimin dediyini xatırlamasam da, amma deyimin məzmunu, mahiyyəti yadımdadır. Həmin deyimdə vurğulanır ki, vəzifəni, peşəni insan şərəfləndirir. Yəni, insan hansı işin qulpundan tutubdursa, onun mahiyyətini, məzmununu özününküləşdiribdirsə, deməli həmin işin sənətkarıdı, peşəkarıdı, ustadıdı. Məhz peşəkarı, bilicisi olduğuna görə də  başqa insanlar həmin işlə bağlı onu axtarırlar, onu arayırlar. Elə ona görə də el arasında deyilir ki, «Filankəs işinin ustasıdı».

Uzun illərdən tanıdığım, həyat yoluna, yaradıcılığına bələd olduğum söz adamlarından biri də Əlisəfa Azayevdir. Hüquqşünas-yazıçı olan Əlisəfa müəllim uzun müddət notarius   vəzifəsində  çalışıb. Məsləhət bilinəndə məhkəmə sədrini də əvəz edib. Bunu ona görə xüsusi vurğulayıram ki, məhz bu sahədə peşəkarlığı onun yaradıcılığında əsas xətlərdən biridir. Əgər Əlisəfa Azayevin yaradıcılığına baş vursanız onda müəllifin bütün yazılarının qəhrəmanları barədə sizdə aydın təsəvvür yaranar. Hətta düşünə bilərsiniz ki, siz bu qəhrəmanlarla həyatda qarşılaşmısınız.

Təbii və ən vacibi də budur ki, həmin qəhrəmanlar bizim aramızdadır. Onlar hər gün gah hakim, gah polis, gah həkim, gah icra başçısı, bir sözlə, ölkəmizdə mövcud olan bütün məmurların qapılarını bu və ya digər məsələ ilə bağlı döyən, müraciət edən adamlardı. Bax, elə Əlisəfa Azayev notarius   kimi işlədiyi illərdə ona müraciət edən, ondan məsləhət alan, onun qayğısını görən çoxlu sayda insanları öz yazısının personajlarına çevirib,  Və həmin adamlar da sonradan onun ədəbi qəhrəmanları olublar.

Bugünlərdə redaksiyamızın qonağı olan Əlisəfa müəllim özünün yeni kitabını, yəni  «Notariusun xatirələrini» mənə hədiyyə etdi. Redaktoru Fariz Məhərrəmov, korrektoru Aynur Çingizqızı olan bu kitabın  əslində əvvəllər bir az yığcam formada oxşarı olan "Notariusun  qeydləri " işıq üzü görmüşdür. Yenidən fərqli  bir  yanaşmada çap olunan kitabda müəllif daha çox xatirələrini bir araya gətirib. Ona görə də onun xatirələri ilə tanış olduqca adama elə gəlir ki, nə vaxtsa bu duyğuları onun özü də yaşayıb. Məsələn, xatirələrinin birində Əlisəfa müəllim vurğulayıb ki, atası ilə çobanların yaşadığı qışlağa gedəndə onlara bir quzu bağışlayıblar. Onlar da quzunu maşının banına qoyublar. Yolda quzunun səsi gəlməyəndə atası dərhal maşını döndərib geri qayıdıblar və görüblər ki, quzu gur maşın selinin arasında ora-bura qaçmağa çalışır. Və onlar qaranlığa baxmayaraq quzunu tuta biliblər…

Bu kiçik xatirə bəlkə də sizə adi görünər. Amma burda söhbət atadan, adi bir sürücünün çobanlar yanında xətir-hörmətindən və həmin o xətir-hörmətə görə də sürücünün kiçik yaşlı oğluna quzu bağışlamaqdan gedir…

Zənnimcə də Əlisəfa Azayevin yadında quzudan daha çox atasına olan hörmət  qalıb. O hörmət xatirəyə çevrilib. Ümumiyyətlə «Notariusun xatirələri» bir qələm adamının həyat təcrübəsi olan bir insanın ömür yolundan qaynaqlanan yaddaş pıçıltısıdı. O elə pıçıltıdı ki, onu dinləməmək, ona laqeyd qalmaq mümkün deyil.

Bir oxucu olaraq mənim üçün xüsusi önəm kəsb edən «Notariusun xatirələri»ni hər kəsə oxumağı məsləhət bilirəm. Bu xatirələr sizin də xatirələrinizi oyadacaqdır.

 

Seçilən
48
adalet.az

1Mənbələr