AZ

Leylanı öldürüb körpəsinin qətlini boynuna qoymaq istəyibmiş - Amansız qətlin TƏFƏRRÜATI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ötən il 20 yaşlı tələbə Leyla və 9 aylıq körpəsinin əri tərəfindən qətli gündəmi zəbt etmişdi. Heç bir səbəb və ya bəhanənin əsas vermədiyi faciəni törədən Fərid Hüseynli ömürlük azadlıqdan məhrum edildi. Amma məhkəmənin yalnız hökm hissəsi mediaya açıq keçirildi.
"Qafqazinfo" cinayət işinin bəzi detallarını əldə edib. İstintaq materiallarında yazılanlardan məlum olub ki, Fərid arvadını qısqanclıq zəminində qətlə yetirib.
Hadisə günü o, qəddarlıq nümayiş etdirərək körpəsini Leylanın gözləri qarşısında 7 dəfə bıçaqlayıb. Bununla da anaya əzab verib. Daha sonra isə eyni bıçaqla çarpayının üstündə dayanan Leylanın üstünə hücum edib, onun boğazına bıçaqla vuraraq qətlə yetirib. Ən sonda isə intihar niyyəti ilə eyni bıçaqla özünün qarın nahiyəsindən iki zərbə endirib. Leyla hadisə yerində, 9 aylıq Ayla xəstəxanaya aparılarkən vəfat etsə də, Fəridin həyatını xilas etmək mümkün olub.
Onun cinayətini Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Nurəddin Hüseynlinin sədrlik etdiyi hakimlər araşdırıb.
Fərid məhkəmədə yalnız bir dəfə ifadə verib, onun üçün danışmağın çətin olduğunu əsas gətirərək suallara cavab verməkdən imtina edib. Deyib ki, həyat yoldaşı ilə münasibəti onun atası ilə tanışlığından sonra yaranıb. Həmin vaxt Leyla Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin ilk kursunda təhsil alırmış. Dediyinə görə, hələ nişanlı vaxtlarında aralarında problemlər yaşanıb, amma sonradan mehriban olublar. Toydan sonra Leylanın təhsilinə maneə yaratmayıb, hər gün özü universitetə aparıb-gətirib. Hadisədən bir müddət əvvəl onda yenə qısqanclıq hissləri baş qaldırıb. Leylanın "Instagram" səhifəsi üstündə başlanan dava dəhşətli cinayətə gətirib çıxarıb.
Fərid özünü Leylanın qətlində təqsirli bilib. Amma körpəsini öldürməsini boynuna almayıb. O, israrla iddia edib ki, uşağı müqavimət göstərmək istəyərkən Leyla bıçaqlayıb:
"Həmin vaxt Aylanı yatırmışdıq. Mən Leylanın üstünə gedəndə bıçaq əlimdən düşdü. Bu vaxt Leyla bıçağı götürüb məni vurmaq istəyirdi. Həmin vaxt təsadüfən Aylaya bıçaqla xəsarətlər yetirdi. Birtəhər bıçağı əlindən alıb boğazını kəsdim. Öldüyündən əmin olduqdan sonra Aylaya tərəf çönüb onu da qanın içində gördüm. Buna dözə bilməyib iki bıçaq da özümə vurdum. Ayılanda artıq xəstəxanada idim. Dediyim kimi, Aylanı mən yox, ehtiyatsızlıqdan Leyla vurdu".
Leylanın hüquqi varisi qismində tanınmış atası Əlişan İbadov məhkəmədən qızının qatilinin ən ağır formada cəzalanmasını xahiş edib. Atası ifadəsində onu da deyib ki, qızı hamilə olan vaxt Fəridlə arasında münaqişə olub:
"Leyla demişdi ki, ata, Fərid bir dəfə məni boğurdu, mənimlə bərk danışır, üstümə qışqırır. Fəridin anası da Leylanı xilas etdiyini demişdi".
Hüquqi varis hadisənin tam səbəbini bilməsə də, qızının əvvəllər də əri tərəfindən incidildiyini hakimlərin diqqətinə çatdırıb.
Fərid Leylanı öldürdükdən sonra dayısı oğluna zəng edib. Şahid qismində ifadə verən dayıoğlu deyib ki, Fərid onunla iş yoldaşı olub. Onlar birgə zərgərliklə məşğul olublar: "Həmin gün Fərid işdən tez çıxdı. İki saat sonra mənə zəng edib dedi ki, bəs Leylanı vurdum, indi də özümü öldürəcəyəm. Ondan sakit olmasını xahiş etsəm də, telefonu söndürdü. Sonrası da məlumdur".
Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə müstəntiqə də bənzər ifadə verib. Həmin vaxt da körpəsini öldürmədiyini bildirib.
Amma hakimlər onun körpəsini öldürmədiyi ilə bağlı dediklərini inandırıcı hesab etməyiblər. Belə qənaətə gəlinib ki, çarpayıda uzanmış körpənin qarınüstü nahiyəsinə öndən arxaya 3 yanaşı zərbənin və sol kürəkaltı nahiyəyə arxadan önə 2 yanaşı zərbənin təsadüfən yetirilməsi ağlabatan deyil.
Məhkəmə hökmdə Fərid Hüseynliyə verilmiş ittihamların hamısını əsaslı hesab edib.
Seçilən
166
1
oxu.az

10Mənbələr