AZ

Gürcüstanda seçkilər: Avropa İttifaqına üzvlük istəyən ölkə niyə “Gürcü arzusu”na səs verdi?

Məqalə barədə məlumatMüəllif, Olqa İvşinaVəzifə, BBC News RuscaMəkan Tbilisi

Parlament seçkilərinin yekunlarına görə, Gürcüstan parçalanıb.

Ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) ilk nəticələrə görə, hakim “Gürcü arzusu” partiyasının qələbə qazandığını deyib, lakin müxalifət bu nəticələri tanımaqdan imtina edir və etiraz aksiyaları elan edir.

Bununla belə, hətta müxalif telekanallarının sorğuları seçicilərin azı 40 faizinin səslərini “Gürcü arzusu”na verdiyini göstərir.

BBC 20 ilə yaxın Avropaya və Qərbə doğru irəliləyən Gürcüstanın niyə yenidən siyasi yol ayrıcında dayandığını izah edir.

Ziddiyyətlər üzərində oynamaq

Bu il ilk dəfə Gürcüstan parlamentinin 150 deputatı əvvəlki kimi qarışıq sistemlə deyil, tam proporsional sistem üzrə seçilib.

Bu seçkilərdə seçki bloklarının yaradılması qadağandır – bu, 12 ildir hakimiyyətdə olan “Gürcü arzusu”nun xeyrinədir. Müxalifət partiyalarının razılığa gəlmək və vahid siyahı ilə çıxış etmək imkanı var idi, lakin daxili siyasət məsələlərində bir sıra fikir ayrılıqları olduğundan onlar bunu edə bilmədilər.

Nəticədə tez bir vaxtda Avropa və Qərblə inteqrasiyanın tərəfdarı olan üç fərqli müxalifət ittifaqı və daha bir partiya seçkiyə qatıldı. Onlar ümid edirdilər ki, ümumilikdə, hakim partiyadan daha çox yer qazanarlar. Sonra isə parlamentdə koalisiya çoxluğu yaratmaq olar.

Ancaq “Gürcü arzusu” müxalifətin birlik olmamasından məharətlə istifadə edərək, çıxışlarında bir-birinin ardınca rəqiblərini gözdən salmağa çalışırdı.

“Bu seçkilərdə müxalifətin əsas ümidi və xilası Gürcüstan gəncləri ola bilərdi. Gənclərin mütləq əksəriyyəti Gürcüstanın Avropa kursunu dəstəkləyir, lakin onlar özlərini hər hansı konkret partiya ilə əlaqələndirmirlər. Problem də elə bunda idi”, – Georgiy Badridze izah edir.

O, 20 ildən artıq diplomat işləyib, səfir rütbəsinə qədər yüksəlib. İndi də Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunda analitik işləyir.

“Müxalifət vahid nömrə altında birləşməkdən imtina etdikdə, əslində bu seçkiləri ölkənin Avropa gələcəyinin lehinə və ya əleyhinə referenduma çevirməkdən imtina etmiş oldu. Beləliklə, onlar səslərin bir hissəsini itirdilər, xüsusən də gürcü cəmiyyətinin hansısa konkret partiyaya aidiyyəti olmasını istəməyən təbəqəsi”, – Badridze əlavə edir.

Müxalifət partiyaları da Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı olmayan məsələlərdə siyasətinin təsvirini aydın şəkildə formalaşdıra bilmədilər, Beynəlxalq və strateji məsələlər üzrə ekspert Vano Maçavariani qeyd edir.

Onun sözlərinə görə, hakim partiya Gürcüstanda sülh və Ukraynada müharibə mövzularında spekulyasiyalar apardığı bir vaxtda, müxalifət özünün “sülh formulu”nu və Rusiya və Qərblə münasibətlərə baxışını təqdim etməyib.

“Sülh və müharibə söhbətləri çox yaxşı işlədi. Bu, “Gürcü arzusu”nun əsas mesajı və kozırı idi”, – politoloq Gia Nodia deyir. - "Biz olmasaq, o zaman müharibə olacaq" - bu çox insana təsir etdi. Bu rasional baxımdan inandırıcı olmasa da, instinktiv səviyyədə təsir edirdi - hamı müharibədən qorxur”.

İnandırıcı qələbə, yoxsa məharətli saxtakarlıq?

MSK-nın ilkin məlumatlarına görə, “Gürcü arzusu” təxminən 54% səs toplayır (çap olunan vaxt bülletenlərin 99,9%-i hesablanıb).

Müxalifət hesab edir ki, bu rəqəmlər saxtakarlığın nəticəsidir. “Gürcüstan naminə” partiyası seçkinin nəticələrinə birbaşa təsir edən sistem pozuntularını açıqlayıb.

30 qeyri-hökumət təşkilatını birləşdirən “Mənim səsim” müşahidə missiyası topa bülleten atılması, müşahidəçilərin döyülməsi və hücuma məruz qalması, seçkilərdə qeydiyyatdan keçmiş jurnalistlərin səsvermə yerlərindən qovulması da daxil, 200-dən çox qanun pozuntusunu qeydə alıb.

Gürcüstanda seçki məntəqələrinin böyük əksəriyyəti səslərin elektron hesablama sistemi ilə təchiz olunub.

Transparency International Georgia təşkilatından olan müşahidəçilər qeyd edirlər ki, bir tərəfdən bülletenlərin emalının avtomatlaşdırılması seçki məntəqələrində saxtakarlığı çətinləşdirir, digər tərəfdən isə seçkilərin yekunlarına təsir etmək üçün tez-tez daha qeyri-aşkar üsullardan istifadə olunmasına imkan verir.

Bidzina

Şəklin mənbəyi, Getty Images

Seçilən
158
40
bbc.com

10Mənbələr