Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyi münasibətilə Almaniyanın paytaxtında klassik musiqi gecəsi təşkil olunub.
Ölkəmizin Almaniyadakı səfirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən mərasim "Zəfər" marşının nümayişi ilə başlanıb. Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, UNESCO-nun sülh artisti Firəngiz Əlizadənin müəllifi olduğu bu əsər əsl bayram ovqatı yaradıb.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında musiqi yaradıcılığı ittifaqının yubileyinin silsilə tədbirlərlə qeyd edildiyini və ölkəmizin zəngin klassik irsinin geniş təbliğ olunduğunu diqqətə çatdırıb.
Sonra çıxış edən Firəngiz Əlizadə dahi Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafındakı xidmətlərinin nümunəsi olan Bəstəkarlar İttifaqının ötən 90 ildə uğurlu inkişaf yolu keçdiyini vurğulayıb.
Çıxışlardan sonra konsert proqramı təqdim olunub. Konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri bədii rəhbər və baş dirijor, Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Azərbaycan bəstəkarlarının ölməz əsərlərini ifa edib. Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Asəf Zeynallının, Musa Mirzəyevin, Firəngiz Əlizadənin musiqiləri, Akademik Opera və Balet teatrının solisti, Əməkdar artist İnarə Babayevanın, solist Rövşən Əmrahovun (violin) dinləyicilərə əsrarəngiz təsir bağışlayıb.
XQ