AZ

“Sea Breeze”nin sayrışan ulduzları

Xəzər sahilindəki “Sea Breeze” kurort (Dəniz mehi) şəhərciyinin Şöhrət xiyabanında Xalq yazıçısı Maqsud İbrahimbəyov ulduzunun açılış mərasimi keçirilib.

“Sea Breeze” artıq qaynar bir mədəniyyət məkanına çevrilib. Xatırladaq ki, bu il avqustun 28-də Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Sea Breeze”-də olublar. “Sea Breeze”-in rəhbəri, məşhur iş adamı Emin Ağalarov bir sıra mühüm yeni layihələri, o cümlədən kurort şəhərciyindəki ən böyük apart-hotel olan “The Grand”, “LANDAU School”un yeni binası, həmçinin ərazidəki infrastruktur və mühüm obyektləri mötəbər qonaqlara təqdim edib.

Hazırda “Sea Breeze” memarlıq həlləri baxımından gələcəyin ekoloji, müasir və texnoloji şəhəri kimi inkişaf edir. Möhtəşəm məkanda ard-arda qlobal yeniliklər, unudulmaz layihələr həyata keçirilir. Məsələn, iyul ayında “Sea Breeze” kurort şəhərciyində bir həftəlik möhtəşəm “DREAM Fest” musiqi festivalı təşkil olunub: 3 səhnədə 100-dən çox dünya ulduzu 60 min tamaşaçının zövqünü oxşayıb. Qazaxıstandan start götürüb Xəzər dənizini 288 kilometrlik məsafədə üzüb keçərək, Azərbaycana çatan dünyaşöhrətli səyahətçilər Karl Buşbi və Anjela Maksvellə görüş, “Park Residences 2” kompleksində “Pulsuz mənzil” aksiyası da yadda qalıb. “LANDAU School” binasının, “Luna Park”ın açılışı, “Jara Fest 2024” musiqi festivalı, əfsanəvi “Buffalo Show” sirk şousu hər kəsə – uşaqlara və böyüklərə əyləncəli anlar yaşadıb.

Dəbdəbəli “The Grand” apart-hotelinin yanında yerləşın “Sea Breeze” Şöhrət Xiyabanı Azərbaycanın ilk Ulduzlar məkanıdır və dünyanın hər yerindən görkəmli artistlərə, musiqiçilərə, aktyorlara, yazıçılara və rəssamlara həsr olunub. Layihə artıq Müslüm Maqomayev, Tamara Sinyavskaya, Engelbert Humperdink, Nani Breqvadze, Alessandro Safina, Devid Foster, Nikol Şerzinger, Riki Martin, Stiven Siqal da daxil olmaqla, 24 məşhurun özəl ulduzunu əhatə edir.

Sentyabr ayında amerikalı aktyor, rejissor, ifaçı, Oskar və Qremmi mükafatları laureatı Uill Smit və “Hot Latın Songs” mahnılar siyahısında ən uzun müddət liderliyini qorumuş musiqiçi kimi Ginnesin Rekordlar Kitabına daxil edilmiş kolumbiyalı reggaeton ifaçısı J Balvin də Şöhrət Xiyabanında fərdi çərçivə və ulduzun sahibi olublar.

Bütün təqdimatlarda olduğu kimi, Maqsud İbrahimbəyov ulduzunun açılışı mərasimində yazıçının xanımı, uzun illər peşəkar fotoqrafiya sənəti ilə məşğul olan Anna İbrahimbəyova, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Qonaqlar arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Xalq yazıçısı Anar Rzayev, jurnalist, televiziya və radio aparıcısı Mixail Qusman, kinorejissor Oqtay Mirqasımov, Xalq rəssamı Hüseyn Haqverdiyev, aktrisa, rejissor və ssenarist Fatimə İbrahimbəyova, rejissor, ssenarist Fuad İbrahimbəyov, kinodramaturq, jurnalist Nadejda İsmayılova, rəssam İrina Eldarova, Maqsud İbrahimbəyovun dostları, qohumları və yaxınları da var idi.

Yazıçının ulduzunun açılışı onun əsərləri əsasında çəkilmiş filmlərdən hamının sevimli musiqilərin müşayiəti ilə keçirilib. Anna İbrahimbəyovaya Maksud İbrahimbəyovun ulduzu olan xatirə çərçivəsi hədiyyə edilib. Sonra Maqsud İbrahimbəyov adına Yaradıcılıq Mərkəzində hazırlanmış videoçarxın nümayişi olub, arxiv kitabları, eləcə də İrina Eldarovanın müəllifi olduğu üz qabığı rəsmləri ilə İbrahimbəyovun 3 dildə yeni nəşrləri sərgilənib. Qonaqlara isə yadigar olaraq 2025-ci il təqvimləri verilib. Bu təqvimlər sənət əsəri hesab olunur, çünki təqvimdə çap olunmuş bütün fotoşəkilləri Anna İbrahimbəyova çəkib.

Ə.ƏLİYEV
XQ

Seçilən
52
xalqqazeti.az

1Mənbələr