Təmizlik işçilərinin tətili Fransanın Marsel şəhərinin küçələrində zibil təpələrin yığılmasına səbəb olub.
“Report” xəbər verir ki, bu barədə “France 3” telekanalı məlumat yayıb.
“Veolia” özəl zibil yığma şirkətinin işçiləri rəhbərliklə fikir ayrılığına görə bir neçə gündür tətil edirlər. Onlar pis iş şəraitindən, xüsusilə işçi və avadanlıq çatışmazlığından narazıdırlar. Bu səbəbdən şəhərin bəzi rayonlarında zibil təpələri yaranıb.
Dolu zibil qutularından tullantıların səkilərə atılmasının qarşısını almaq üçün Marsel meriyası küçələrə böyük zibil konteynerlərini yerləşdirməyə məcbur olub. Bununla belə, şəhər iqtidarı özəl müəssisə daxilindəki münaqişələrə müdaxilə edə bilməyəcəyini vurğulayıb.
Zibil yığanlar irəli sürdükləri şərtlər yerinə yetirilənə qədər tətili davam etdirəcəklərini bildiriblər. “Veolia” rəhbərliyi tətil edənlərin nümayəndələrini qəbul etməyə və onlarla danışıqlara başlamağa razılıq verib.