AZ

Çin “Şencou-19” kosmik missiyasını uğurla orbitə çıxarıb

Çinin kosmik stansiyasında fəaliyyət göstərmək üçün növbəti astronavtlar qrupu olan “Şencou-19” (“Shenzhou-19”) missiyasına start verilib. SİA xəbər verir ki, “Şencou-19” kosmik gəmisini orbitə aparan “Böyük yürüş-2F” (“Long March-2F”) daşıyıcı raketinin buraxılışı Qobi səhrasındakı Ciuçüən kosmodromunda oktyabrın 30-da Pekin vaxtı ilə səhər saat 04:27-də baş tutub. “Şencou-19” missiyasında astronavtlar Çay Sucı (heyətin kapitanı), Son Lindon və xanım Van Haocı iştirak edirlər. Bu, Çinin orbitə göndərdiyi 14-cü pilotlu missiyasıdır. Çay Sucı “Şencou-14” missiyasının üzvü kimi 2022-ci ildə kosmosda olub. Çinin 3-cü nəsil astronavtlarından olan keçmiş hərbi pilot Son Lindon və mühəndis Van Haocı isə ilk dəfə kosmosa uçub. Van Haocı Çinin kosmosa uçan 3-cü qadın astronavtı və hazırda yeganə mühəndis-astronavtıdır. Onların hər ikisi 1990-cı illərdə dünyaya gələn astronavtlardır.

Buraxılışdan əvvəl ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi yolasalma mərasimi təşkil olunub.

Çin Kosmos Agentliyi buraxılışdan təxminən 10 dəqiqə sonra kosmik gəminin raketdən ayrılaraq orbitə daxil olduğunu açıqlayıb. Buraxılışdan təxminən 6,5 saat sonra kosmik gəmi “Tienqon” adlı stansiyası ilə birləşib.

“Şencou-19” missiyası kosmik stansiyada 6 aylıq fəaliyyətini noyabrın 4-də başa vuracaq “Şencou-18” missiyasının astronavtları Yı Quanfu, Li Çon və Li Quansunu əvəzləyəcək. “Şencou-19” missiyasının astronavtlarının da stansiyada təxminən 6 ay qalması nəzərdə tutulub. Onlar stansiyada və açıq kosmosda bir neçə tapşırıq icra edəcək, bəzi avadanlıqları quraşdıracaqlar. Ümumilikdə 86 kosmos elm araşdırması, o cümlədən bioloji və fiziki tədqiqat, texnoloji eksperiment yerinə yetiriləcək. “Şencou-19” Çin kosmik stansiyasının 4-cü astronavt missiyasıdır.

Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzi və heyətin yaşayış yerini əhatə edən əsas modul və iki laboratoriya modulundan ibarətdir. Əsas modul 2021-ci ilin aprelində, laboratoriya modulları isə 2022-ci ilin aprelində və oktyabrında kosmosa çıxarılaraq quraşdırılıb. Ümumi çəkisi 70 ton olan stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərir. Kosmik stansiyanın 15 ildən çox istifadə olunması nəzərdə tutulub.

Çin Kosmik Texnologiyalar Akademiyasının tədqiqatçısı Can Çiao ötən il Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresində çıxışı zamanı ölkəsinin kosmik stansiyasının iki dəfə böyüdüləcəyini bildirmişdi. Belə ki, qarşıdakı illərdə kosmik stansiyanın modullarının sayının 3-dən 6-ya çatdırılması, onun texniki imkanlarının çoxaldılması planlaşdırılıb. Stansiyanın böyüdülməsi planına böyük antena və teleskop, 3D printer, robotlar, müşahidə, aşkarlama və xəbərdarlıq cihazları da daxildir. Genişlənmədən sonra stansiyanın çəkisi 180 tona çatacaq.

Çinin kosmosla bağlı digər iddialı hədəfi isə 2030-cu ilədək Aya astronavt enişini reallaşdırmaqdır.

Çin Kosmos Agentliyi artıq Aya eniş etmək üçün 10 potensial astronavt müəyyən edib. Onlar avqust ayından xüsusi təlimlərə cəlb olunublar.

Seçilən
47
7
sia.az

10Mənbələr