Ödənişsiz "Wi-Fi" xidmətləri, xüsusilə ictimai nəqliyyat vasitələrində və ictimai yerlərdə, istifadəçilərə böyük rahatlıq təmin edir. Lakin, bu xidmətlərdən istifadə edərkən bəzi təhlükələr də mövcuddur.
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən informasiya təhlükəsizliyi üzrə ekspert Elvin Abbasov bildirib ki, təhlükəsizlik baxımından mümkün olduqca, şifrəsiz "Wi-Fi" şəbəkələrindən istifadə etməmək, şifrəli və təhlükəsiz şəbəkələrə üstünlük vermək lazımdır:
“Şifrəsiz "Wi-Fi" şəbəkələri hakerlər üçün asan hədəfdir. Bu şəbəkələrdə məlumatlarınız asanlıqla ələ keçirilə bilər. İctimai "Wi-Fi" şəbəkələrində məlumatlarınız şifrələnmədiyi üçün üçüncü şəxslər tərəfindən izlənə və oğurlana bilər. Hakerlər ictimai "Wi-Fi" şəbəkələrindən istifadə edərək cihazınıza zərərli proqramlar yükləyə bilərlər. Həmçinin ictimai "Wi-Fi" şəbəkələrində fişinq hücumlarına məruz qalma riskiniz daha yüksəkdir. Bu hücumlar vasitəsilə şəxsi məlumatlarınız oğurlana və ya cihazınıza kənar müdaxilə ola bilər.
Tövsiyyə edirəm ki, ictimai yerlədə acıq şəbəkələrdən istifadə edirsinizsə, lisenziyalı VPN xidmitlərindən istifadə edin, bu internet trafikinizi şifrələyə və məlumatlarınızı qorumaq üçün əlavə təhlükəsizliyinizi təmin edə bilərsiniz:
Mütləq ki, cihazınızda müasir antivirus proqramı quraşdırın və onu mütəmadi olaraq yeniləyin. Bu, zərərli proqramların qarşısını almağa kömək edəcək. Xüsusəndə tanımadığınız və ya şübhəli görünən linklərə klikləməyin. Bu, fişinq hücumlarının qarşısını almağa kömək edəcək. Ən əsası isə acıq "Wi-Fi" üzərindən bank məlumatları və ya şəxsi məlumatlar kimi həssas məlumatları paylaşmaqdan çəkinin”.
Ekspert vurğulayıb ki, ödənişsiz "Wi-Fi" xidmətləri istifadəçilərə böyük rahatlıq təmin etsə də, bəzi təhlükələr də gətirir:
"Bu təhlükələrdən qorunmaq üçün yuxarıda qeyd olunan məsləhətlərə əməl etmək vacibdir. Təhlükəsiz internet istifadəsi üçün bu məsləhətləri nəzərə alaraq, ödənişsiz "Wi-Fi" xidmətlərindən daha təhlükəsiz şəkildə istifadə edə bilərsiniz.
Bir çox ölkələrdə açıq "Wi-Fi" sistemləri təcrübəsindən istədafə olunur. Yaponiya, Estoniya kimi ölkələri bura misal göstərə bilərik. Lakin həmin ölkələrdə kibertəhlükəsizlik sahəsində yaxşı inkişaf da var. Kvalifikasiya olunmuş mütəxəssislər, ölkədə bu sahədə oturuşmuş strategiya nəticəsində təcrübəli model və metodologiya əldə ediblər. Amma təssüflər olsun ki, Azərbaycan bu istiqamətlərə yeni-yeni addımlar atır. Bu baxımdan ictimai yerlərdə - iaşə obyektləri və ictimai nəqliyyatlarda açıq "Wi-Fi"ların olması bəzi fərdi məlumatların, bank kart hesablarının, həmçinin də mobil cihazlara kənar müdaxilə olunması kimi təhlükələrlə üzləşə bilmə riskimiz yüksəkdir. Azərbaycanda açıq "Wi-Fi"ların tətbiqinə yavaş-yavaş keçid edilməli, sınaq modelləri olmalı və ümumiyyətlə nəzarət altında bu sistem olmalıdır. Çünki açıq şəbəkələrdən istifadə edərkən diqqət edilməsi gərək çox nüanslar var və Azərbaycanda sıravi vətəndaşlar arasında kibertəhlükəsizlik mədəniyyəti tam oturmayıb. Ümid edirik ki, aidiyyatı qurumlar bu məsələdə vətəndaşların maarifləndirilməsində, ümumiyyətlə kibercinayətkarlıq kulturasının yaranmasında kifayət qədər işlər görəcəklər” - deyə Elvin Abbasov qeyd edib.