Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək.
Noyabrın 1-də AMB bu il ərzində faiz dərəcəsi ilə bağlı yeddinci qərarını açıqlayacaq.
Qeyd edək ki, son üç qərarında AMB-nin İdarə Heyəti uçot dərəcəsini sabit saxlayıb. Mərkəzi Bank uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddi isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.
Bəs bu dəfə Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə qərarı necə olacaq?
Bu barədə Moderator.az-a danışan iqtisadçı Xalid Kərimli qeyd edib ki, Mərkəzi Bank faiz dərəcəsi ilə əlaqədar verdiyi qərarları cəmiyyətlə aydın şəkildə bölüşmədiyinə görə, bunu mülahizə eləmək çətindir:
“Mərkəzi Bank 12 aylıq gözlənilən inflyasiyanı, cari inflyasiyanı elan edir, amma 12 aylıq gözlənilən inflyasiyanın proqnozlarını cəmiyyətlə bölüşmürlər. Bu baxımdan deyə bilmərik ki, bu proqnoz Mərkəzi Bankın faiz çərçivəsindən aşağıdadır və yaxud da yuxarıdadır. Mərkəzi Bank faiz dərəcəsinin aşağı salınmasını son iki iclasda dayandırıb”.
Ekspert hesab edir ki, Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayacaq:
“Çünki dolların faiz dərəcəsi endirilir. Dolların faiz dərəcəsi siyasəti bizim üçün maraqlıdır. Manat dollara fiks edildiyinə görə dolların qiyməti dəyişikliyi, manatın avtomatik olaraq ora təsir eləmək ehtimalı vardır. Çünki manat dollara 1.70 - dən bağlandığına görə dolların qiymətinin qalxması və ya enməsi manatla dollar arasında spekulyativ məsələlərə gətirib çıxara bilir. Nəzərə alsaq ki, inflyasiya zəifləyib, amma yenə də inflyasiyanın artması ilə əlaqədar məqamlar var. Bu il benzinin, dizelin ictimai nəqliyyatın qiyməti qaldırıldı. Bu səbəbdən bir az inflyasiya təzyiqi formalaşıb. Ona görə də mən güman edirəm ki, indiki məqamda Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayacaq”.
Mehin Mehmanqızı