Azərbaycan klubları arasında ilk dəfə avrokuboklarda oynayan "Turan"ın bu tarixi qarşılaşmasından 30 il vaxt keçir.
Rekord.az xəbər verir ki, Tovuz təmsilçisi 1994-cü ilin avqustunda UEFA kubokunun ilkin təsnifat mərhələsi çərçivəsində Türkiyənin "Fənərbağça" klubu ilə üz-üzə gəlmişdi.
İstanbulda keçirilən ilk oyunda 5:0, Sumqayıtdakı cavab matçında isə 2:0 hesabı ilə qələbə qazanan İstanbul təmsilçisi mərhələni keçən tərəf olmuşdu. "Turan Tovuz" rəhbərliyi bu hadisənin yubiley il dönümünü qeyd etmək istəyir. İlk olaraq "Fənərbağça"nın o vaxtkı heyətinin Azərbaycana dəvət olunması variantı ortaya çıxsa da, sonradan müəyyən səbəblərdən bu variantdan imtina edildi. Əvəzində "Kəpəz"in futbol veteranları ilə Tovuzda yoldaşlıq görüşü keçiriləcək. Oyunun konkret hansı tarixdə keçiriləcəyi hələlik müəyyənləşməyib.