AZ

Assosiasiya sədri: "Əsas hədəfimiz xurma ixracında dünyada birinci olmaqdır"

Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası 2018-ci ildən fəaliyyət göstərir. Həmin il xurma ixracından ölkəyə 80 min ABŞ dolları həcmində valyuta daxil oldu. Sevindirici haldır ki, 2023-cü ildə xurma ixracından daxil olan valyutanın həcmi xeyli artaraq 127 milyon 146 min ABŞ dollarına çatıb.

FED.az xəbər verir ki, bu barədə Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Qadir Yusifov Balakəndə keçirilən IV Xurma festivalında məlumat verib.

Assosiasiyanın rəhbəri bildirib ki, hazırda Azərbaycan dünyaya xurma ixrac edən ölkələr sırasında ikinci yerdədir və əsas məqsəd yaxın gələcəkdə bu sahədə birinciliyi əldə etməkdir.

Festivalın keçirilməsinin dövlətin Azərbaycan kəndlisinə, fermerinə verdiyi yüksək dəyərin bariz nümunəsi olduğunu vurğulayan Assosiasiya sədri deyib: “Ən böyük bazarımız olan Rusiyada xurmaya tələbat çox yüksəkdir. Qiymətlər də qənaətbəxşdir. Ona görə də fermerlərimiz, ixracatçılarımız dayanmadan, çox həvəslə çalışırlar və ümid edirik ki, bu ilin sonuna qədər ixracatımızı ötənilki səviyyəyə, yəni 127 milyon ABŞ dollarına çatdıra biləcəyik. Strategiyamız ondan ibarətdir ki, ölkəmizə daha çox valyuta gətirək, fermerlərimizin, ixracatçılarımızın, kənddə yaşayan və xurmaçılıqla məşğul olan insanların sosial rifahı daha da yaxşılaşsın, gəlirləri artsın”. (Azərtac)

Seçilən
80
fed.az

1Mənbələr