AZ

“Neftçi”dən bəh-bəhlə gətirilən futbolçunun yoxa çıxmasının səbəbi bilindi

Yayda “Neftçi”dən ayrılaraq “Araz-Naxçıvan”la anlaşan Ramin Nəsirlidən xeyli vaxtdır səs-soraq yoxdur.

22 yaşlı yarımmüdafiəçi geridə qalan 11 turda yalnız bir oyunda iştirak ərizəsində yer alıb ki, 6-cı turda “Kəpəz”lə qarşılaşmada sona qədər ehtiyatda qalıb.

U-21 millimizin də şərəfini qorumuş Raminin yoxa çıxması sual doğurmaya bilməz. Zədəlidirsə, niyə bu barədə məlumat verilmir? Klubdan ayrılıbsa, niyə bu barədə xəbər yoxdur?

Məsələyə aydınlıq gətirmək üçün “Araz-Naxçıvan”ın icraçı direktoru Eldəniz Yusifovla əlaqə saxlayanda Nəsirli ilə müəmmanın səbəbi məlum oldu:

“Ramin Nəsirli təxminən ayyarım əvvəl zədə almışdı. Həkim müayinəsindən sonra ön çarpaz bağlarının yırtılmasıvə menisk nahiyəsində zədə aşkarlanmışdı. Mütləq şəkildə əməliyyat olunmasına ehtiyac yaranmışdı.

Əməliyyat üçün bir neçə variant var idi. Araşdırmalar nəticəsində tanınmış cərrah Mehmet Binnətin əməliyyat etməsini məqsədəuyğun saydıq. Odur ki, oktyabrın 31-də Ankarada “Acıbadem” xəstəxanasında əməliyyat masasına uzanacaq.

Qısa müddətdən sonra Bakıya qayıdıb, həkimlərin tərtib edəcəyi qrafikə uyğun fizioterapiya kursları keçəcək, ardınca məşqlərə başlayacaq”.

Ötən mövsümün ikinci yarısında “Araz-Naxçıvan”ın heyətində 11 oyunda meydana çıxan Ramin Nəsirli cari mövsümdə şans qazanmayıb.

HƏBİB

Seçilən
148
49
sportinfo.az

10Mənbələr