AZ

Sağlamlıq turizminin imkanları və hədəfləri

Oktyabrın 28-29-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində “Azərbaycan Sağlamlıq Turizmi Konfransı: inkişaf imkanları” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Dövlət Turizm Agentliyin rəhbəri Fuad Nağıyev, Səhiyyə nazirinin müavini Nadir Zeynalov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmid, Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev və digər dövlət hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən, Türkiyə, Rusiya, İsveçrə, Çex Respublikası, Malayziya, Qazaxıstandan olan mütəxəssislər iştirak edib.

Tədbir sağlamlıq turizmi sektorunda mövcud qabaqcıl təcrübələrin araşdırılması və Azərbaycan üçün inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr olunub.

DTA-nin sədri Fuad Nağıyev sağlamlıq turizmi üzrə zəngin və geniş potensiala malik Azərbaycanda bu sahənin inkişafı ilə bağlı son illərdə bir çox istiqamətlər üzrə işlər görüldüyünü qeyd edib, vurğulayıb ki, Azərbaycanın sağlamlıq turizmi üzrə Naftalan neftinin turizm məhsulu kimi daha da inkişaf etdirilməsi, resursun Avropa və yeni bazarlarda təşviq edilməsi əsas hədəflər sırasındadır. Qarabağ və Şərqi Zəngəzur üzrə də sağlamlıq turizmi üçün zəngin potensiallı ərazilər mövcuddur. Bu ərazilərdə Türkiyədən olan mütəxəssislərin cəlb edilməsi ilə turizm, o cümlədən sağlamlıq turizmi resurslarının araşdırılması aparılaraq müvafiq təkliflər verilib. Bu istiqamətdə, əlbəttə, Kəlbəcər və onun balneoloji imkanları xüsusilə seçilir. Kəlbəcərdə turizmin inkişafına dair hazırlanmış konsepsiya sənədində təklif edilən 5 turizm və rekreasiya zonasından ikisi mineral-termal bulaqlar ətrafında olmaqla sağlamlıq turizmi profilinə sahibdir. Həmçinin, Laçın da mineral-termal su resursları ilə zəngin olduğundan, müvafiq sağlamlıq turizmi potensialına malikdir. Şuşa şəhərinin hava-rekreasiya imkanları sağlamlıq turizmi üzrə istiqamətlərin inkişafına töhfə verə bilər.

Naftalan ŞİH başçısı isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncamının cənab Prezidentimizin turizmə, sağlamlıq turizminə olan diqqət və qayğısının nəticəsi kimi qiymətləndirib. Qeyd edib ki, sərəncamın icrası Naftalanın sağlamlıq turizm mərkəzi kimi dünyada tanıdılmasına xidmət edəcəkdir.

Həmçinin, Azərbaycanın sağlamlıq turizm mərkəzlərini, tibbi turizm xidməti göstərən hotel və müalicə mərkəzləri barədə məlumatı əks etdirən videoçarx nümayiş etdirilib.

Prezidentin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev çıxışında zəngin turizm potensialına malik Kəlbəcərdə aparılan bərpa-quruculuq işləri, o cümlədən “İstisu” sanatoriyasının yenidən qurulması haqqında məlumat verib. O, Qarabağda beynəlxalq standartlara malik 3 hava limanının olmasının gələcəkdə Kəlbəcərə xarici turistlərin gəlməsinə şərait yaradacağını qeyd edərək konfransa öz işində uğurlar arzulayıb.

Konfrans çərçivəsində təşkil olunan Sağlamlıq turizmi sənaye sərgisi: Unikal məhsulların nümayişi sərgisində Naftalan şəhərini bir çox turizm obyektlərinin nümayəndələri təmsil edib və Naftalan neftindən hazırlanmış müxtəlif məhsullar, kosmetik vasitələr konfrans iştirakçlarına nümayiş olunub.

Konfrans işini üç fərqli mövzular ətrafında, panel sessiyalarla davam etdirib.

Seçilən
112
9
naftalan-ih.gov.az

10Mənbələr