AZ

Mediada plagiat PROBLEMİ: “Bu, başqasının malına, mülkünə göz dikməkdir”

 

“Əgər sən əlinə qələm alıb jurnalistika ilə məşğulsansa, peşə davranış qaydalarına əməl etməlisən”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında media subyektlərində yol verilən plagiat halları barədə danışan media eksperti, jurnalist Azər Həsrət deyib.

Onun sözlərinə görə, bu həmişə mövcud olub, sadəcə olaraq indi yeni texnologiyalar hər kəsə hər yerdə hər şeyi yazmağa, paylaşmağa imkan verdiyinə görə də plagiat daha geniş şəkildə özünü göstərir.

“Mən son dövrlərdə bu tendensiyanın artdığını deməzdim. Bu həmişə mövcud olub, sadəcə olaraq, indi yeni texnologiyalar hər kəsə hər yerdə hər şeyi yazmağa, paylaşmağa imkan verdiyinə görə də plagiat daha geniş şəkildə özünü göstərir. Əlbəttə, plagiatı daha anlaşıqlı dildə desək, oğurluqdur. Başqasının malına, mülkünə, intellektual zənginliyinə göz dikməkdir, onu oğurlamaqdır. Oğurluq isə tarixin bütün mərhələlərində, insanlığın var olduğu bütün dövrlərdə əxlaqsızlıq kimi qəbul edilib və bu gün də belədir. Yəni, plagiatla məşğul olmaq oğurluq etmək və əxlaqsızığa bulaşmaq deməkdir. Bunu özünə yaraşdıran insanlar, əlbəttə ki, ən aşağı insanlar olduğunu düşünməlidirlər. Belə olduqlarını əslində, sübut etmiş olurlar. Ona qarşı necə mübarizə aparmaq olar? Əlbəttə, yeni texnologiyalar mövcuddur ki, plagiata qaşı mübarizə etmək olar, amma bu insanın əxlaqının normallaşdırılmasından daha yaxşı deyil. Hər kəs öz-özünün başının ağası olmalı, öz-özünə nəzarət etməlidir”, – deyə o bildirib.

O vurğulayıb ki, hər kəs əxlaqlı davranmağa üstünlük verməlidir.

“Plagiatla məşğul olub oğurluq etmək insanın özünü aşağılamasıdır. Kim bunu könüllü şəkildə edirsə, bu onun zehninin hələ yetərincə inkişaf etməməsindən xəbər verir. Ağlı başında, ədəbi, əxlaqı yerində olan heç bir insan oğurluq etməz. İnsanların əxlaqının normaya salınması üçün tədbirlərin görülməsi lazım və vacibdir. Bu da daha çox maarifləndirmə yolu ilə mümkündür”, – deyə o əlavə edib.

A.Həsrət qeyd edib ki, söhbət jurnalistika, mediadan gedirsə, konkret olaraq, jurnalistlərin peşə davranış qaydaları mövcuddur:

“İstər Azərbaycanda milli səviyyədə, istərsə də beynəlxalq səviyyələrdə bütün bu qaydalarda birmənalı şəkildə oğurluq yolverilməz sayılır. Əgər sən əlinə qələm alıb, jurnalistika ilə məşğulsansa, peşə davranış qaydalarına əməl etməlisən. Bu qaydalar da bu oğurluğu məqbul saymır, əksinə, onu çox ayıb bir hərəkət kimi tövsiv edir. Belə olan şəraitdə özünə jurnalist deyən şəxslər diqqətli olmalı, həmin oğurluğa bulaşıb, özünü aşağılamamalıdırlar”.

İsmayıl Bakuvi

Seçilən
90
yenicag.az

1Mənbələr