Ölkə futbolunda maraqlı hadisələr cərayan edir. 

Hər gün qəribə hadisənin şahidi olmasaq, günah olar. Məsələn, Əvəzedicilər Liqasının XI turunda "Neftçi-2" "Sabah-2"yə 3:2 hesabı ilə qalib gəlib. Qarşılaşmanın 90-cı dəqiqəsində aləm dəyib bir-birinə. AFFA İntizam Komitəsi yaşananlarla bağlı qərar qəbul edib. Qurumun rəsmi məlumatını diqqətinizə çatdırırıq:

28 oktyabr 2024-cü il tarixində Əvəzedicilər liqasında XI turun “Sabah-2” – “Neftçi-2” oyununun 90-cı dəqiqəsində “Sabah-2” komandasının 83 nömrəli futbolçusu Stefen Ende təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Sabah-2” komandası 150 manat cərimə edilir (maddə 40.1, 1).

Həmin epizodun videosunu sizinlə bölüşürük:

Oyunu idarə edən şəxs Rauf Cabarovdur. Hakim-inspektor isə Ömər Paşayevdir. Epizoddan görsənir ki, "Sabah-2"nin üzvü "Neftçi-2"nin futbolçusuna toxunmur. "Ağ-qaralar"ın oyunçusu rəqibi provakasiyaya çəkir. Hakim də buna aldanır. Başa düşmək olar ki, Əvəzedicilər Liqasında VAR sistemi yoxdur. Bəs, sonradan görüntüləri izləyən İntizam Komitəsinin üzvləri nə üçün Stefen Endeyə 1 oyunluq cəza verib, klubu 150 manat cərimələyiblər? İntizam Məcəlləsinin 18-ci maddəsi belə adlanır: "Hakimin qəbul etdiyi qərarın müzakirəsi". Bu maddənin 1-ci bəndində deyilir ki, referi tərəfindən qəbul edilən qərarlar qətidir və AFFA İntizamn Komitəsi tərəfindən baxıla bilməz. Qurumun bu məsələ ilə bağlı verdiyi qərardan hiss olunur ki, komitə cəzanı azaldıb. İndi bizə maraqlıdır ki, hakim açıq-aşkar səhv edibsə, epizodda cəzalanan oyunçunun heç bir günahı yoxdursa, cəzanı niyə referi yox, klub və futbolçu çəkir? Ümumiyyətlə, sualımız belədir: İzlədiyiniz görüntüdə afrikalı futbolçu kimə təcavüz edir?