Sabirabad rayonu, Axtaçı kənd məktəbi qəzalı vəziyyətdədir. Bu haqda Moderator.az-a kənd sakinləri məlumat verib:
“Bu məktəbin problemlərini saymaqla bitmir. Birincisi məktəb qəzalı vəziyyətdədir, bəlkə də 40-45 il əvvəl təmir olunub. Qapı-pəncərəsi, döşəmə-tavan hissəsi köhnədir. Məktəbdə istilik problemi var. Hazırda payız ayını yaşayırıq, otaqlar soyuq olur, şagirdlər dərsdə rahat otura bilmirlər. Bu da dərsin keyfiyyətinə təsir edir” deyə şikayətçilər bildirib.
Kənd sakinləri bildirib ki, məktəbdə müəllim də çatışmır:
“İbtidai siniflərə dərs deyəcək müəllim demək olar ki, yoxdur. Yeni bir müəllim gəlib, onun da üstünə çox yük düşür. Çox vaxt siniflər birləşdirilir və onlara dərs keçirlər. Şagirdlər 9-cu sinfə qədər bu məktəbdə oxuyurlar, sonra qonşu Şəhriyar kəndinə gedirlər. 11-ci sinif yoxdur. Əksər hallarda heç qızlar 11-ci sinfi bitirmir. Çünki qışda, qarda-yağışda qonşu kəndə getmək böyük əziyyətdir” deyə şikayətçilər bildirib.