AZ

AÇIB-TÖKDÜ: “Qarabağ”da üç nəfərin adını çəkdi

“Qarabağ”ın “döyünən ürəyi” Marko Yankoviç Sportinfo.az-a müsahibə verib.

Monteneqro millisinin də şərəfini qoruyan yarımmüdafiəçi bir sıra maraqlı sualları cavablandırıb.

- “Ayaks” məğlubiyyətindən sonra “Şamaxı” ilə oyuna hazırlaşmaq və köklənmək çətin deyildi?

- Əlbəttə, ağır və üzücü yenilgidən üç gün sonra meydana çıxıb mübarizə aparmaq çətindir. Həm fiziki, həm də psixoloji yorğunluq var idi. Ancaq başqa çıxış yolumuz yoxdur. Təqvimə uyğun olaraq oynamalıyıq. İlk hissədə işlər qaydasında getməsə də, fasilədən sonra təzyiqi artırıb lazım olan qolları vurduq.

- Julio Romao “Ayaks”la matçda qırmızı vərəqə almaqla “Qarabağ”ı pis vəziyyətdə qoydu. Həmin an imkanın olsaydı, Romaoya nə edərdin? Nə deyərdin?

- Heç nə demədim, deməzdim də. Futbolda bu cür hallar yaşanır və hər bir futbolçunun başına gələ bilər. Nə vaxtsa eyni hadisə ilə mən, yaxud başqası üzləşə bilər. Ona görə də anlayışla qarşılamalı, bacardıqca dəstək olmalıyıq. Təbii, “Ayaks”a qarşı 10 nəfərlə oynamaq çox çətindir. Ancaq yenə də müqavimət göstərməyə çalışdıq.

- Cari mövsümdə əla təsir bağışlayırsan. Zədələnməsəydin, “Qarabağ”a daha çox fayda verə bilərdin. Maraqlıdır, kumirin kimdir? Kimin oyun üslubundan öyrənirsən?

- Maraqlı sualdır, ancaq hansı cavabı verəcəyimi bilmirəm (gülür). Peşəkar karyeramda müxtəlif mövqelərdə oynamışam – oyun qurucusu və sağ vinger kimi. Artıq bir neçə ildir “6” və “8 nömrə” funksiyalarını yerinə yetirirəm. Bəyəndiyim futbolçular bir yox, bir neçə nəfər olub deyə, konkret ad çəkmək mənim üçün çətindir.

- Kimlərdir onlar?

- Lionel Messi, De Brüyne, PSJ-də oynadığı vaxtlar Marko Verratti. Bu tip futbolçular çoxdur, bir-bir ad sadalamaq istəmirəm. Heç vaxt konkret bir nəfərin azarkeşi olmamışam. Ulduz yarımmüdafiəçilərin hamısını izləmişəm, hərəsindən nəsə götürmüşəm.

- Özünü ulduz hesab etmirsən?

- Mən hər ötən gün işimi daha yaxşı şəkildə görməyə çalışan futbolçuyam. Eyni səviyyədə qalmaq mümkün deyil. Bəzən eniş, bəzən yüksəliş dövrü yaşayırıq. “Qarabağ”ın işləri yaxşı gedəndə, mən də yaxşı görünürəm.

- Futbolçu bacarığın hər kəsə məlumdur. Vaxtilə “Partizan”da oynamısan, A Seriyasında meydana çıxmısan. Daha çox irəli getməyinə nə mane olub? Yaxud, bu gün niyə İtaliya, yaxud İspaniyada yox, Azərbaycandasan?

- “Partizan”da keçirdiyim 2,5 ildə əsas heyət üzvlərindən idim. Məhz bunun sayəsində 2019-cu ilin əvvəlində SPAL-a transferim baş tutdu. O dönəmdə “10 nömrə” kimi oynayırdım. SPAL iki hücumçulu sistemlə oynayırdı deyə, tipik “10 nömrə”yə gərək duyulmurdu. Düzdür, A Seriyasında bir neçə matçda şans qazandım. Ancaq futbol elədir ki, mütəmadi oynamayanda lazımi effekti verə bilmirsən. Bir müddət zədədən də əziyyət çəkdim. Eh, keçmişdə qalan uzun söhbətdir, yaxşı şeylərdən danışaq.

HƏBİB

Seçilən
70
sportinfo.az

1Mənbələr