AZ

Koronavirus immun səddini necə aşır?

Yeni koronavirus – SARS-CoV-2 hüceyrənin viruslara qarşı təbii müdafiə mexanizminə qarşı dözümlü bir fermentə malikdir. Bu da fermentin “SARS” və “MERS”-ə səbəb olan əvvəlki viruslardan daha yoluxucu olmasının əsas səbəbidir. Yaponiyanın Kobe Universitetinin virusoloqlarının yeni kəşfi gələcəkdə bu və buna bənzər xəstəliklərə qarşı daha təsirli dərmanların hazırlanmasına yol aça bilər.

“Scientific Russia” portalı yazır ki, virus hücum edən zaman ona qarşı orqanizmin immun reaksiyası işə düşür. Qeyd edilir ki, insan orqanizmi anadangəlmə və sonradan qazanılmış immunitet kimi 2 əsas müdafiə sistemi daşıyır. Qazanılmış immun sistemi orqanizmin virusa təkrar-təkrar yoluxması, bununla spesifik patogenə qarşı güclənməsi nəticəsində və vaksin vurulmaqla yaranır. Anadangəlmə – təbii immunitet isə əsas səviyyədə genişspektrli patogenlərə qarşı molekulyar mexanizmlər toplusudur. 

Kobe Universitetinin virusoloqu Şoji İkuo deyib: “Yeni koronavirus o qədər yoluxucudur ki, virusun anadangəlmə immun sistemindən bu qədər təsirli şəkildə yayınması üçün hansı “ağıllı” mexanizmlərdən istifadə etdiyinə təəccüb etdik.”

Şojinin komandası əvvəllər hepatit viruslarına qarşı orqanizmin immun reaksiyasını öyrənib və təbii immun sisteminin virusun struktur elementlərinə bağladığı “ISG15” adlı molekulyar etiketin rolunu araşdırıb. Yeni koronavirusun bu etiketi silməkdə xüsusilə təsirli ferment daşıdığını öyrənən alim həmin etiketin koronavirusa təsirini və virusa qarşı mübarizə mexanizmini öyrənmək üçün komandasının təcrübəsindən istifadə etmək qərarına gəlib.

“Journal of Virology” nəşrində dərc olunan məqalədə Kobe Universitetinin rəhbərlik etdiyi komanda ilk dəfə “ISG15” etiketinin patogenin genetik materialını qablaşdıran virusun nukleokapsid zülalında müəyyən bir yerə yapışdığını açıqlayıb. Bildirilib ki, virusun yığılması üçün nukleokapsid zülalının bir çox nüsxəsi bir-birinə yapışmalıdır. Lakin “ISG15” etiketi bunun qarşısını alır. Çünki etiket antiviral təsir mexanizmidir. Şoji bu məsələni belə izah edir. “Lakin, yeni koronavirusun nukleokapsidindən etiketləri çıxara bilən, yeni virusları toplamaq qabiliyyətini bərpa edən və bununla da anadangəlmə immun reaksiyasını aradan qaldıran bir ferment var”.

Yeni koronavirusun eyni ailəyə aid olan “SARS” və “MERS” virusları ilə çox oxşarlığı var. Bu viruslarda “ISG15” etiketini çıxara bilən bir fermentin olduğu təsdiqlənib. Bununla belə, Şojinin komandası müəyyən edib ki, onların versiyaları bu işdə yeni koronavirusda mövcud olandan daha az təsirlidir. Üstəlik, bu yaxınlarda məlum olub ki, əvvəlki viruslardan olan fermentlərin əsas məqsədi daha fərqlidir. Virusoloq deyib: “Bu nəticələr göstərir ki, yeni koronavirus təbii immunitet sisteminin müdafiə mexanizminin bu aspektini hədəfləməkdə daha yaxşıdır və onun niyə bu qədər yoluxucu olduğunu izah edir”.

Yeni koronavirusun yoluxuculuğunun bu qədər təsirli olduğunu başa düşmək, yeni müalicə üsullarını inkişaf etdirməyin yolunu da göstərir. Tədqiqatçı Soji İkuo bunu belə izah edib: “Əminliklə deyə bilərik ki,“ISG15” etiketini aradan qaldıran viral fermentin funksiyasına maneə törədə bilsək, yeni antiviral dərmanlar yarada bilərik. Gələcək terapevtik strategiyalara indiyədək istifadə edilən preparatlarlarla yanaşı, birbaşa nukleokapsid zülalını hədəf alan antiviral dərmanlar və ya bu 2 yanaşmanın kombinasiyası da daxil ola bilər”.

Z.BAYRAM
XQ

 

Seçilən
82
xalqqazeti.az

1Mənbələr