AZ

Bakıda selin altından Görün NƏ ÇIXDI – Məmurlar....

Bakıya yağan güclü yağışdan sonra Sabunçu ərazisində bir daha problemlər üzə çıxıb. Ötən həftə Sabunçu tunelində subasma səbəbindən iki nəfər həyatını itirdi. Bu dəfə isə yağış yağar-yağmaz həmin keçidi bağladılar. Daha doğrusu, yağış suyu tuneli “işğal” etdi. 

Neçə illərdir yağış və qar çox yağanda qəsəbəni sel-su basır. Bu fəsad isə aradan qaldırılmır.

Yağıntı olanda Bakıda bütün keçidləri su basır. Bu da o deməkdir ki, iş qüsurlu, başdangetdi görülür. Yeyinti, korrupsiya şübhələri beyinlərdə “at oynadır”.

Problemin kökü nədədir və onu necə həll etmək olar? 

Globalinfo.az-a danışan daşınmaz əmlak və inşaat eksperti Elnur Azadov burada bir çox səbəbin olduğunu vurğulayıb.

O, ciddi təhlilə ehtiyac olduğunu bildirib:

“Yağış suları ilə bağlı son baş verən hadisələr onu göstərir ki, havada boşluq var. Hər hansı bir ciddi ekspertiza aparmadan, təhlil etmədən bunun haradan qaynaqlandığını dəqiq demək olmaz. İşin pis tərəfi odur ki, bədbəxt hadisə nəticəsində iki nəfər həyatını itirdi. Bu da cəmiyyətdə birmənalı qəbul olunmadı. Sabunçu özü çökək bir ərazidə yerləşir. Məsələn, ötən həftə də, bu dəfə də Sabunçu bazarı ərazisini su basması bir çox yerlərdə yol nəqliyyat probleminin yaranmasına səbəb oldu. Düzgün monitorinqlər aparılmalıdır. Çox güman ki, su kanalizasiya sistemi çox yerlərdə sovet hökuməti dövründə qurulub və o vaxtkı əhali sayına görə nəzərdə tutulub. Bir tərəfdən bunların illər boyu aşınması məsələsi, digər tərəfdən istismar müddəti var”.

Ekspertin sözlərinə görə, yerin altında yerləşən kanalizasiya xətləri həm sıradan çıxır, həm də dolur:

“Bəzi hallarda kanalizasiya xətlərinin istismar müddəti bitir. Bununla bağlı doğru təhlillər aparılmalıdır. Bizim şəhərsalma prinsipləri düzgün qurulmayıb. Son baş plan sovet hökuməti vaxtında – 1986-cı ildə təsdiq olunub. Ondan sonra hazırlanan baş planlar tam şəkildə təsdiqini tapmayıb. Şəhərin bəzi hissələrində əhalinin həddindən artıq yüklənməsi izlənilir. Burada kanalizasiya sisteminin nə dərəcə düzgün işləməsi məsələsi də var. Gördüyümüz kimi, həm əhali sayının çoxalması, həm kommersiya əmlaklarının artması, həm də kommunikasiya xətlərinin sıradan çıxması gətirib belə vəziyyətə çıxarır. Bu kimi problemlər daha çox yeni salınan körpülərdə baş verir. Təbii ki, onların düzgün layihləndirmə məsələsi də var”.

Globalinfo.az-ın şərhi: Paytaxtda hər dəfə yağış yağanda eyni hal təkrarlanır. Niyə tunellərdə, keçidlərdə, yollarda bu qədər su yığılır? Tutaq ki, Sabunçu qəsəbəsinin kanalizasiya sistemi köhnədir. Bəs yeni tikilən, 5-10 il öncə istismara verilən keçidlərdə, küçələrdə sel fəlakəti niyə yaşanır? “Körpü Bina Tikinti” MMC-nin nümayəndəsi deyir, Sabunçudakı keçidi su basmasının onlara aidiyyəti yoxdur. Obyekti onlar tikib, amma məsuliyyəti başqasının üzərinə qoyurlar. ADY-nin sabiq rəisi Cavid Qurbanov hələ də mediaya açıqlama verməyib. Tunel o, rəis olduğu dövrdə ADY-nin sifarişi ilə inşa olunub. BŞİH-nin başçısı Eldar Əzizov qeyri-müəyyən cümlələr qurur, o da məsələni belə yola verir. Cəmiyyət, media haqlı olaraq düşünür ki, Bakını basan selin altından dəhşətli korrupsiya əməlləri çıxır. Hansı ki məmurlar, onlara birbaşa və dolayısı ilə bağlı olan şirkətlər bunu illərdir gizlədirdilər. Budur, artıq hər şey su üzünə çıxıb. Xalq haqlı olaraq ona bu iztirabı yaşadan rəsmilərin cəzalandırılmasını istəyir.


Seçilən
58
news24.az

1Mənbələr