AZ

Türkiyə Qarabağda sərmayə fəallığını artırır

Türkiyə kapitallı “Birlik Deri” MMC Ağdam Sənaye Parkında rezidentlik hüququ alaraq xarici investor statusunda fəaliyyətə başlayıb. Şirkət ilk sərmayə proqramı çərçivəsində sənaye parkına 20,8 milyon manat investisiya yatıracaq. Dəri və dəri məmulatları istehsal etməyi planlaşdıran “Birlik Deri” MMC İtaliya, Türkiyə, Cənubi Koreya kimi qabaqcıl ölkələrin texnologiyalarına əsaslanan sənaye bölməsi yaratmaqla, müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracını da nəzərdə tutur. Layihə çərçivəsində 250-dən çox yeni iş yeri yaradılması hədəflənib ki, onların böyük qismi yerli sakinlər olacaq.

“DOST Aqropark”la təməli qoyulan investisiya dostluğu...

Türkiyəli investorlar azad ərazilərdə 3 ildən artıqdır ki, müxtəlif sektorlarda təmsil olunur. Zəngilanda iki ölkənin birgə sərmayə layihəsi olan “DOST Aqropark” bölgənin iqtisadi potensialından istifadə olunmasında ilk təməllərdən biri olmaqla, böyük bir aqrar-sənaye şəbəkəsinin formalaşmasına və digər investorların cəlb edilməsinə zəmin yaradıb. Burada ağıllı kənd təsərrüfatı texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulub və layihə Türkiyənin iş adamlarının azad edilmiş torpaqlarda digər layihələrə də marağını artırıb. Türkiyənin mədənçıxarma şirkətləri də 2 ildən artıqdır ki, bu bölgədə fəaliyyət göstərir. Qardaş ölkənin “Cengiz Holdinq” qrupuna daxil olan “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətləri ilə Azərbaycan hökuməti arasında işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisində yerləşən “Qaşqaçay”, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarının işlənmnəsinə dair ilə imzalanmış müqavilələr əsasında investisya planı üzrə işlərini davam etdirir.

“Demirören Holding”in “yaşıl enerji” layihələri...

Bir neçə ay əvvəl Türkiyənin “Demirören Holding”-”Arges Enerji Teal” şirkətlərinin birgə investisiya layihəsi olan Malıbəyli kiçik su elektrik stansiyasının (KSES) təməli qoyulub. Həkəri çayının qolu olan Zabux çayının üzərində inşa edilən KSEK qardaş ölkənin ilk “yaşıl maliyyə” sazişidir. Bu, həm də türk investorların Qarabağ və Şərqi-Zəngəzurda “yaşıl enerji”yə özəl sərmayə proqramlarının başlanğıcıdır. Bu stansiya “sıfır emissiya” zonası elan edilmiş azad ərazilərin ən işlək hidrogen qovşaqlarından biri olacaq. Növbəti mərhələdə Türkiyənin investorları tərəfindən digər sərmayə layihələrinin icrası da nəzərdə tutulub. İnvestisiya proqramına əsasən, Laçın rayonunda “Qalaça-1”, “Qalaça-2” və “Minkənd”, Kəlbəcər rayonunda isə “Tərtər-1” KSES-in tikilməsi planlaşdırılır. Azərbaycan və Türkiyənin birgə investisiya iradəsinin nümunəsi olan bu “yaşıl layihələr”in digər prioritetləri Həkəri və Tərtər çayları üzərindəki bütün mövcud hidrogen potensiallarının istismara səfərbər edilməsidir. Həmin çayların üzərində 5 kiçik su elektrik stansiyasının inşası da yaxın günlərdə başlayacaq və SES-lərin 2025-ci ildə tam istifadəyə verilməsi nəzərdə tutulur.

Ümumilikdə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan böyük quruculuq işlərində qardaş Türkiyə 20-dən çox şirkətlə 50-yə yaxın layihə, 10-a yaxın investorla 5-dən çox sərmayə proqramı icra edir. Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) hazırladığı yeni sərmayə planına əsasən, Türkiyə şirkətləri bu bölgədə qida istehsalı və emalı sahələrinə, yeni zavodların və istehsalat sahələrinin qurulmasına, xidmət sektorlarına investisiya yatırmağı qiymətləndirir. Qarabağda enerji təchizatının bərpası və yeni enerji infrastrukturunun qurulması, günəş və külək enerjisi stansiyalarının inşası, aqrar-sənaye komplekslərinin, sənaye parklarının və istehsalat mərkəzlərinin yaradılması yüksək texnoloji parkların təşkli də sərmayə portfelində əsas yer tutur. Eləcə də, Türkiyə şirkətlərinin tekstil fabriklərinin qurulması üçün 50-100 milyon dollar investisiya proqramının icrası nəzərdə tutulur.

5 illik hədəf: İnvestisiyaları 16 milyarddan 30 milyard dollara yüksəltmək...

Qeyd edək ki, 2024-cü ilin iyun ayında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” qüvvəyə minib və sənədə əsasən, iki qardaş ölkə arasında qarşılıqlı ticarətin və xarici investisiyaların həcminin artırılması, birgə iqtisadi layihələrin icrasında təşəbbüskarlığın daha da gücləndiriməsi nəzərdə tutulur. Saziş, həmçinin, Türkiyə şirkətlərinin azad ərazilərdə investisiya güzəştlərindən və stimullaşdırıcı iqtisadi alətlərdən istifadəsinə də geniş zəmin yaradır. Bu baxımdam türk sərmayəçilərinin Qarabağ və Şərqi-Zəngəzurda investisiya qoyuluşlarına marağı daha da böyüyür və investisiya gündəliyinin yeni ünvanı kimi azad əraziləri ön plana çəkir.

Hazırda Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 16 milyard dollar təşkil edir. Yaxın 5 ildə qarşılıqlı sərmayə qoyuluşlarının 2 dəfə artırılması, Türkiyə şirkətlərinin Azərbaycanda yatırdığı investisiyaların həcminin 25-30 milyard dollara çatacağı gözlənilir. Yeni investisiyaların əsas sahələri azad ərazilərdəki aqrar-sənaye, turizm, “yaşıl enerji”, mədənçıxarma və yüngül sənaye sektorları olacaq.

Türk sərmayəçiləri digər xarici investorlar üçün də cığır açır...

Beləliklə, qardaş ölkənin xüsusi önəm verdiyi yüksək texnologiyalar sektorunun əsas ünvanlarından biri Ağdam Sənaye Parkı olacaq. Bu isə parkın yaxın illərdə müxtəlif sənaye çeşidləri üzrə ixtisaslaşmış mərkəzə çevrilməsinə səbəb olacaq, eyni zamanda, digər xarici investorların da axınına yol açacaq. Qeyd edək ki, Ağdam Sənaye Parkına digər ölkələrin investorlarının da marağı böyükdür. Belarusa məxsus aqrar-sənaye korporasiyaları bu bölgədə çalışmaq üçün öz investisiya planlarını açıqlayıb və hökumət tərəfindən dəstəklənib. 2024-cü ilin iyun ayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Belarus Ticarət və Sənaye Palatası arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumuna əsasən, birgə investisiya layihələrinin reallaşdırılması nəzərdə tutulur. Bir neçə gün əvvəl Minskdə səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədovun həmkarı Roman Qolovçenko ilə görüşü çərçivəsində isə Ağdamda Aqroşəhərciyin yaradılmasına dair müqavilə imzalanıb. Bu, əməkdaşlığın ilk təməlidir və növbəti mərhələdə belaruslu sənayeçi iş adamlarının Ağdam Sənaye Parkının rezidenti olması istisna edilmir.

ELBRUS CƏFƏRLİ

Seçilən
46
yeniazerbaycan.com

1Mənbələr