AZ

Türkiyə və Pakistana qarşı oyun: ABŞ baş rolu İrana verdi

Politoloq Oqtay Qasımov İran-İsrail gərginliyi ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- İran ordusu (SEPAH) İsraili tezliklə son hava hücumlarına cavab verməklə hədələyib. Tehranın cavab zərbələri hansı miqyasda ola, bu, bölgədə hansı duruma gətirib çıxara bilər?

- Yəqin ki, İranın cavabı elə ötən dəfəki səviyyədə olacaq. Çünki ABŞ və digər aktorlar bundan artığına razı olmayacaqlar. Həmçinin baş verənlər sanki klassik savaş anlamından çıxır. Əvvəlcədən xəbərdarlıq edilir, hansı hədəflərin vurulacağı açıqlanır, sonra qarşılıqlı zərbələr endirilir və sair. Durum hələlik belə gedir.

Düşünmürəm ki, bu qarşılıqlı cavab zərbələri regionda ciddi və genişmiqyaslı eskalasiyaya gətirib çıxaracaq. Məncə, baş verənlər razılaşdırılmış addımlar kateqoriyasına aid edilə bilər.

- Belə bir fikir var ki, Tehranı lazımi şəkildə cəzalandırmaq üçün Təl-Əvivə maneə olan amil ABŞ-da keçiriləcək prezident seçkiləridir, bundan sonra İsrailin İranla bağlı ciddi tədbirləri olacaq. Söhbət İranın nüvə və enerji obyektlərinin bombardman edilməsindən gedir. İsrail 1 oktyabr hücumunda ABŞ-ın təkidi ilə bu hədəfləri vurmaqdan vaz keçmişdi. Seçkilərdən sonra belə bir ssenari mümkündürmü?

- Məncə, bu seçkilərin nəticələri gələcək proseslərə müəyyənlik gətirəcək. Tramp yenidən hakimiyyətə gəlsə, İrana qarşı siyasət sərləşəcək, Kamala Harris udarsa, Demokratlar Partiyasına xas siyasət davam edəcək. Zənn eləmirəm ki, İsrail tezliklə İrana cavab zərbələri endirməyə hazırlaşır. İsrailin özünün də bu məqamda İranla genişmiqyaslı savaşda maraqlı olduğunu düşünmürəm. İsrail bundan öncə İranın hava hücumlarına cavab olaraq bu ölkəyə zərbələr endirmişdi. Bu, İsrailin əvvəl planlaşdırdığı kimi olmadı, ABŞ genişmiqyaslı eskalasiyaya imkan vermədi.

Digər yandan, İsrail hazırda Qəzza və Livanda quru əməliyyatları aparır. Təl-Əvivin bu yöndə strateji planları var. Bura tam şəkildə sıradan çıxarılmasa da, HƏMAS və “Hizbullah” İsraili təhdid edə bilməyəcək səviyyədə zəiflədilməsi daxildir. İsrail Livanın cənubunda bufer zona yaratmaqla öz ərazisinin təhlükəsizliyini təmin etməyə çalışır. Bu baxımdan İsrailin yaxında İranla üzbəüz savaşa girməkdə maraqlı olmadığını düşünürəm.

Yenə də indiyədək müşahidə etdiyimiz qarşılıq cavab zərbələri silsiləsi davam edə bilər. Amma Tramp ABŞ-da hakimiyyətə gələrsə, İsrail İrana qarşı daha ağır və sərt cavab tədbirləri seçə bilər. Bununla belə, İranın enerji və nüvə obyektlərinə zərbələrin endirilməsi böyük güclərin də marağında deyil, xüsusən də ABŞ başda olmaqla Qərbin. Avropa kənar enerji resurslarından asılı olduğu üçün belə bir gəlişməni istəmirlər. Belə bir addım dünyanın enerji bazarında ciddi sıçrayışlara səbəb ola bilər ki, bunun qlobal iqtisadiyyata mənfi təsirləri qaçılmazdır.

Hələlik nəzarətedilən zərbələr olacaq. Dediyim kimi, gedişat ABŞ seçkilərinin nəticələrindən asılı olacaq. Digər yandan, İsrail HƏMAS və “Hizbullah”la işi bitirərsə, bundan sonrakı mərhələdə də hansısa gəlişmələrin şahidi ola bilərik. O məqam da var ki, İsraildə İrana münasibət nə qədər neqativ olsa da, heç də bütün siyasətçilər Tehranla savaşda maraqlı deyillər. Amma Netanyahunun İrana qarşı sərt siyasət yürütdüyünü görürük.

- Niyə ABŞ İsraili İrana qarşı genişmiqyaslı əməliyyatlardan çəkindirdi?

- Amerika bu səylərini onunla əlaqələndirir ki, ölkədə seçki dönəmidir, Bayden administrasiyası mümkün eskalasiyanın seçkilərə təsir edəcəyini, yəni onun dəstəklədiyi namizəd Harrisin şanslarını ciddi şəkildə azaldacağını düşündüyündən bunu istəmir.

Həmçinin zənn etmirəm ki, ABŞ İranın ağır məğlubiyyətlə sıradan çıxarılmasında maraqlıdır. Amerika arxa planda İranla müəyyən təmaslara malikdir. Əslində, İranın hazırkı durumu Amerikanın maraqlarına uyğundur. O baxımdan ki, Tehranın “aqressiv obraz”ı Vaşinqtona həm körfəz ölkələrini özündən asılı vəziyyətdə saxlamağa imkan yaradır, həm İran üzərindən bölgədə Türkiyəyə qarşı balans yaratmağa çalışır, həm də bu amildən Pakistan kimi ölkələrə qarşı istifadə edir. Yəni Amerikanın İranla bağlı məsələlərə həssas yanaşmasının səbəbləri var.

- Qəzza və Livanda əməliyyatları davam etdirən İsrailin yekun hədəfi İranın proksi və ya terrorçu təşkilatlarını zərərsizləşdirməkdirmi? Bəzi region ölkələri bu kontekstdə iddia edirlər ki, İsrail “Vəd edilmiş torpaqlar” inancı əsasında hərəkət edir. Hətta İsrail maliyyə naziri Bezalel Smotriçin bununla bağlı etirafedici açıqlaması da var. Siz bu haqda necə düşünürsünüz?

- Əlbəttə, belə iddia mövcuddur və bunun əsasları da var. Amma Livan və Qəzzada baş verənlərin bu iddia ilə bağlı olduğunu düşünmürəm. İsrail öz təhlükəsizliyini təmin eləməyə, bu məqsədlə ətrafında bufer zona yaratmağa çalışır. Əlbəttə, İsrail istəyir ki, ətraf ölkələr ona təhdid yarada bilməyəcək qədər zəif olsunlar. Buna görə də, İsrailin addımları region ölkələrində narazılıq və narahatlıq yaradır. Amma İsrail həm əhali, həm də güc baxımından bütün bölgəni nəzarətə alacaq imkanında deyil.

İdeya kimi mümkündür, İsrail daxilində belə iddia ola bilər. Amma reallıq fərqlidir. Bəzi region ölkələrinin bu yöndəki mesajlarına gəlincə, bunların daha çox daxili auditoriyalara hesablandığını düşünürəm.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
37
34
teleqraf.com

10Mənbələr