2025-ci il Kollektiv Təhlükəsizlik Təşkilatının təlimləri Belarusda keçiriləcək. Bu barədə Belarusun müdafiə naziri Viktor Xrenin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi İmanqali Tasmaqambetov ilə görüşündə qərar qəbul edilib.
KTMT-nin yaxın gələcəkdə fəaliyyətindən danışan Xrenin qeyd edib ki, Belarus tərəfinin əsas diqqəti 2025-ci ilin sentyabrında Belarus ərazisində təşkilat formatında birgə hərbi təlimlərin hazırlanması və keçirilməsinə yönələcək.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının "Sarsılmaz qardaşlıq” adlı təlimləri artıq bir dəfə 2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.
2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib.
KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub. Daha sonra Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.
Gülnar Nazimqızı
www.anews.az