AZ

Azərbaycan bütün azərbaycanlıların Vətənidir

Düz 23 il əvvəl 2001-ci ilin noyabrında ilk dəfə olaraq Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Həmin qurultayında Ümummilli lider Heydər Əliyevin bəyan etdiyi tezislər əslində azərbaycançılığın, Azərbaycan təəssübkeşliyinin ən lakonik ifadəsi idi:

“Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir”.

Qeyd edək ki, ilk qurultayda 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etmişdi. Bu qurultayda Azərbaycan Respublikası 130-dan çox dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdu.

Məhz bu qurultaydan sonra dünyanın 5 qitəsinə səpələn azərbaycanlılar vahid ideya üçün bir bayraq altında birləşdi. Bunun ardınca 2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev «Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» Fərman imzaladı. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd oldu. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan verdi.

İlham Əliyev və yeni azərbaycançılıq

Azərbaycançılıq coğrafi anlayış deyil, o daha çox siyasi məna kəsb edir. Ona görə də bu ideologiya dövlətin aparıcı ideologiyasına çevrilib. Təsadüfi deyil ki, Azərbaycançılıq ideologiyası Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsləri yeni çağırışlar fonunda daha üst səviyyələrə daşındı.İndi Azərbaycan diasporu kifayət qədər inkişaf edib, güclənib.

Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə layiqincə təqdim olunmasında diasporamızın böyük xidmətləri var.Axı, Azərbaycançılıq həm də dünyaya indeqrasiya deməkdir.Hazırda dünyanın 36 ölkəsində 15 koordinasiya  şurası var. İndi Azərbaycan dövlətinin xarici siyasətinin əsas tərkib hissələrindən biri də məhz dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birliyinə nail olmadqdır. Bu məqsədə nail olmaq üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradıldı. Bunun ardınca Dünya Azərbaycanlılarının 2011-ci il iyulun 5-də Bakıda III Qurultayı keçirildi. Qurultayda çıxış edən Azərbaycan Prezidenti bəyan etdi:

“Bizim bir Vətənimiz var – Azərbaycan, bizim bir dilimiz var – Azərbaycan dili, bizim bir ideologiyamız var – azərbaycançılıq ideologiyası…”.

Mövzu ilə bağlı KONKRET.az-a danışan Millət vəkili Elman Nəsirli bildirib ki, bu gün Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır:

Elman

“ Azərbaycanın gücü təkcə iqtisadi və hərbi qüdrəti ilə deyil, həm də xalqımızın sıx birliyi ilə ölçülür. Möhtərəm Prezidentimiz İlham Əliyevin xalqına, Azərbaycana xidməti bu azərbaycançılıq ideologiyasına sədaqət nümunəsidir. Hazırda da Azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Azərbaycançılıq ideyası qloballaşma şəraitində universal dəyərlərin qorunmasını təmin edir. Ümumiyyətlə, Azərbaycan dövlətinin milli ideologiyasının özəyini və əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər və ümumbəşəri dəyərlər bu anlayışın tərkib hissələridir. Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaq və möhkəmləndirmək azərbaycançılıq ideologiyasının əsas qayəsidir. Məhz bu ideologiya hər bir vətəndaşın qəlbinə hakim olmalıdır”.

Vəli Həsənov,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” mövzusuna uyğun olaraq dərc edilir.

Seçilən
44
konkret.az

1Mənbələr