AZ

Qərbin İberiya isteriyası – məğlubiyyətin “erməni karuseli”

Qonşu ölkə ilə bağlı yaşananlar barədə bəzi qeydlər

Gürcüstan Prezidenti Salome Zurabişvili oktyabrın 26-da ölkədə keçirilmiş parlament seçkilərində saxtakarlıqların törədildiyinə dair xarici mediaya müsahibələr sıralamaqdadır. Hiss olunur ki, kollektiv Qərb, məsələyə ciddi şəkildə köklənib və heç bir halda, arxasını yerə qoymaq istəmir. Ancaq hər şeyin etikası olmalıdır. Çünki xanım Zurabişvilinin dilə gətirdikləri daşıdığı posta, qətiyyən, uyğun deyil, bu, öz yerində. Maraqlı məqam isə ondadır ki, dövlət başçısı vəzifəsini tutan şəxs təmsil olunduğu Qərb cəbhəsinin riyakarlığını ortaya qoyur.

Bəli, qeyd etdiyimiz kimi, Qərb təslim olmaq istəmir. Təsəvvür edin ki, Gürcüstanda seçki müşahidəçiliyini həyata keçirən ayrı-ayrı qurumlar prosesin gedişində hansısa ciddi nöqsan və çatışmazlıq aşkarlamadıqları halda, ölkə hakimiyyətinə münasibətdə hədyanlar yağdırılır, hədə-qorxu tonu seçilir. Seçki pozuntularının araşdırılması yönündəki bəyanatlar bir-birini əvəzləyir. Məsələn, Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Haddad Gürcüstandakı seçki prosesində, guya, “seçicilərə qarşı təzyiq, hədə-qorxu və təhdidlər” olduğunu iddia edib. Kanada hökuməti seçkilərin nəticələrinə görə, Gürcüstan rəhbərliyi ilə münasibətlərinə yenidən baxmaq niyyətində olduğunu açıqlayıb...

Bundan başqa, heç bir fakt olmadığı halda, Qərbin və ABŞ-nin proksiləri sayılan Estoniya, Litva, Latviya kimi ölkələr Gürcüstan xalqının seçiminə kölgə salmaq üçün ölkəyə qarşı, faktiki olaraq, hibrid müharibəyə başlayıblar. Hesab edirik ki, mövcud ritorikada, belə demək mümkünsə, ən “səmimi” mövqe ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerə məxsusdur. Cənab Miller ölkəsinin, ümumən, kollektiv Qərbin nə istədiyini tam şəkildə ortaya qoyub: “Gürcüstan öz siyasi kursunu dəyişməsə, ölkəni ciddi nəticələr gözləyir”.

Deməli, ayının min oyunu bir armudun başında imiş. Seçki pozuntularının araşdırılması və sair bu sayaq fikirlərin səsləndirilməsindən də, paytaxt Tbilisidə təşkil olunmuş etiraz nümayişlərindən də məqsəd bu imiş. Qərb istəyir ki, Gürcüstan Ermənistan kimi marionet olsun, hər an onun köməyi ilə regiona təsir imkanları əldə etsin. Axı hazırda rəsmi İrəvanın alət kimi istifadəsində məhz bu motiv aşkar duyulmaqdadır.

Ermənistan rəhbərliyi çalışır ki, Azərbaycanla sülh gündəliyi fonunda Qərbin maraqlarını təmin etsin. Maraqlar isə aydındır: 1. Cənubi Qafqazda üstünlük qazanmaq, “Region region ölkələri üçündür!” prinsipini kənara ataraq, Rusiyanın bölgəyə tarixi bağlılığını inkar etmək, geosiyasi rəqabət aparmaq və Moskvanı sıxışdırmaq. 2. Azərbaycana təzyiq rıçaqları qazanmaq. Bunun üçün erməni avantürizmini diri saxlamaq, Ermənistanı regional kommunikasiyaların açar fiquruna çevirmək. 3. Türkiyənin Qərbə açılımının qarşısını almaq. Ölkənin nəhəng kommunikasiya habındakı mövqeyini şübhələndirmək. 4. İranı təcrid və təzyiq altında saxlamaq.

Bəli, Ermənistan Qərbə hazırda məhz bu vəzifələrin icrası baxımından vacibdir. Əgər Gürcüstanda uğur qazanılsaydı, o zaman yuxarıda qeyd etdiklərimizin reallaşması məsələsində daha münbit şərait formalaşacaqdı. Məhz buna görə qonşu ölkədə gerçəkləşmiş parlament seçkilərində hakim partiyanın qələbəsinin Azərbaycan üçün önəmi böyükdür. Elə Rusiya, Türkiyə və İran üçün də eyni fikri söyləmək mümkündür.

Gürcüstan xalqı və onun tərkib hissəsi olan Borçalıdakı soydaşlarımız mənfur planların reallaşmasına imkan vermədilər. Onlar özlərinin əzmkarlıqları və qətiyyətləri ilə dövlətçiliyin kənar qüvvələrin əlində oyuncağa çevrilməsinə yol qoymadılar. Hesab edirik ki, bu, eyni zamanda, Azərbaycan dövlətinin rəhbər tutduğu prinsiplərin qorunması idi. Ona görə də əminliklə deyə bilərik ki, Azərbaycan və Gürcüstan sınaqdan üzüağ, alnıaçıq çıxdı. Bu, həm də o deməkdir ki, hər iki ölkə Qərbə iradə nümayişi göstərdi.

Özlüyündə Gürcüstan hakimiyyəti də iradə nümayiş etdirib. Məlum olduğu kimi, son illər ölkədə Qərb şəbəkəsinin ifşası istiqamətində qanunlar qəbul olunub. Həmçinin, Gürcüstanın gələcək taleyininin təhlükəyə atılmaması amili əsas götürülüb. Bu mənada Qərbin əlaltıları şəbəkəsinin təmizlənməsini vurğulamaq mümkündür və proses davamlıdır. Bir sözlə, Gürcüstanda dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, idarəçilikdə çevikliyin təmin olunması istiqamətində zəruri tədbirlər görülüb. Əlbəttə ki, xalq rifahı başlıca amildir. Gürcü iqtidarının parlament seçkilərində uğur qazanmasının ən başlıca səbəbi məhz budur. Nəzərə alaq ki, sadə insanlar – seçicilər hər şeyi yaxşı görür, haqqı nahaqdan ayıra bilirlər.

İndi isə gələk, Gürcüstan Prezidenti Salome Zurabişvilinin hansı fikirləri səsləndirməsinə. Onun təmsil olunduğu Qərb cəbhəsinin riyakarlığını vurğuladıq. Zurabişvili bəlkə özü də fərqinə varmadan bununla bağlı çox vacib məqamı dilə gətirib. O, “Associated Press” agentliyinə müsahibəsində deyib ki, Gürcüstandakı seçkilərdə “erməni karuseli”ndən istifadə olunub: “Nədənsə biz buna “erməni karuseli” deyirik. Bilmirəm, bəlkə də Ermənistanda buna “gürcü karuseli” deyirlər... Bu o deməkdir ki, seçkilərdən bir müddət əvvəl müxtəlif bəhanələrlə sosial cəhətdən həssas insanlardan, məhbus ailələrindən şəxsiyyət vəsiqələri götürülüb, sonra səsvermə üçün istifadə edilib. Bu, bir şəxsiyyət vəsiqəsi və müxtəlif elektron cihazlarla (səsvermə - red.), hətta 17 dəfə mümkün olub. Onların ixtiyarında çoxlu sayda şəxsiyyət vəsiqəsi və şəxsi nömrələr olub”.

Maraqlıdır ki, Ermənistanda keçirilən son iki seçkilərdə Qərbyönümlü Nikol Paşinyan qalib olmuş və dünyada bu proses demokratiyanın təntənəsi kimi qiymətləndirilmişdi. Əlbəttə, sırf mövcud məqama söykənərək sual vermək istəmirik ki, nə üçün hazırda həmin Qərb Gürcüstandakı seçkiləri demokratik adlandırmır? Yaxud, anti-demokratik qələmə verir? Niyyətimiz əsla bu deyil. O qənaətdəyik ki, ümumən, hansı yolla törədilməsindən asılı olmayaraq, seçki saxtakarlığı, xalqın iradəsinə qarşı çıxmaq yolverilməzdir. Başlıca məqam sırf riyakarlıqla bağlıdır.

Bəli, Zurabişvilinin dilə gətirdikləri onu deməyə əsas verir ki, Qərb özünə lazım olanda, hər cür saxtakarlığa leqal don geyindirə bilir. Ən pisi isə budur ki, hazırda o, Zurabişvilinin dili ilə özünün vaxtilə Ermənistanda yol verdiyi seçki “metodunun” incəliyini açıqlayır, həmin metodu Gürcüstan üzərinə tranformasiya etmək yolunu tutur. Bu, yaxşı halda özünü faşdır, pis halda isə siyasi əxlaqsızlıq.

Sonda Qərbin siyasi əxlaqsızlıq elementləri ilə zəngin ikili yanaşmasına dair daha iki məqamın üzərində dayanaq. Məlum olduğu kimi, bir neçə ay əvvəl Ermənistanda və Gürcüstanda hakimiyyət əleyhinə etiraz mitinqləri düzənlənmişdi. Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın tərəfdarları və onlara qoşulmuş Rusiyayönümlü müxalifət aktiv idi, Gürcüstanda isə ölkədə xarici agentlər haqqında qanuna narazılığını bildirən Qərbpərəstlər. Hər iki ölkədə baş vermiş iğtişaşlar və hüquq-mühafizə orqanlarının təmsilçiləri ilə toqquşmalar fonunda Qərb Gürcüstanda yaşananları demokratik hərəkat, Ermənistandakı prosesləri isə qanuni hakimiyyət əleyhinə qəsd, onu devirmək cəhdi adlandırdı. Güman edirik, əlavə şərhə və ikili standarlar siyasətinin ayrı-ayrı elementləri ilə bağlı digər məqamları qabartmağa ehtiyac yoxdur. Hərçənd, bununla əlaqədar Azərbaycana yanaşmalardakı yarıtmaz meyilləri də diqqətə çatdıra bilərik. Amma hələlik bu qədər.

Ə.CAHANGİROĞLU
XQ

Seçilən
22
xalqqazeti.az

1Mənbələr