AZ

Bankların problemli kreditləri ilə bağlı mübahisəli rəqəmlər- 480, ya 962 milyon?

Image

Əkrəm Həsənov: “Banklar kredit bir gün geciksə belə onu gecikməyə salır, problemli kredit kimi təqdim edir” 

Azərbaycandakı 22 bankdan 21-nin bu il oktyabrın 1-nə açıqladığı kredit risqi hesabatlarına əsasən, ölkədə vaxtı keçmiş kreditlərin ümumi məbləği azı 962 milyon manatdır. Halbuki, Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın sonuna ölkədə 480 milyon manat vaxtı keçmiş kredit olduğunu açıqlayıb. 

Məsələ ilə bağlı AMB-nin yaydığı məlumatda qeyd edilir ki, AMB-nin statistik bülletenində Beynəlxalq Valyuta Fondunun istifadə etdiyi yanaşma əsas götürülür və açıqlanan rəqəm əsas kredit borcunun 30 gündən çox gecikən hissəsini əhatə edir: “Banklar isə bank nəzarəti üzrə beynəlxalq təcrübədə istifadə olunan prudensial yanaşmanı əsas götürür, 30 gündən çox gecikməsi olan kreditin tam qalığını göstərir. AMB həm də aylıq əsasda prudensial yanaşmaya uyğun olaraq qeyri-işlək kreditlərin (90 gündən çox gecikən) məbləğini də internet səhifəsində açıqlayır. Bu göstərici 30.09.2024-cü il tarixinə 707,3 milyon manat təşkil edib".

“Bankların problemli kreditlərinin AMB-nin açıqladığı rəqəmdən 2  dəfə çox olması istər-istəməz şübhəyə səbəb olur”

Məsələ barədə fikir bildirən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, banklar Mərkəzi Banka tam məlumat vermir. Həmçinin, Mərkəzi Banka əvvəlki ayın məlumatı da verilə bilər: “Bankların problemli kreditlərinin AMB-nin açıqladığı rəqəmdən nəyə görə 2  dəfə çox olması istər-istməz şübhəyə səbəb olur. Onu da deyim ki, vaxtı keçmiş kreditin müddəti var. 30-90-180 gün kreditin keçmə müddəti var. Ola bilsin ki, Mərkəzi Bank problemli kreditə çevrilməni nəzərdə tutub. Problemli kreditə çevrilmə az olur. Kreditin qaytarılmaması uzun müddəti keçibsə, bu ümidsiz kredit sayılır. Ancaq eyni terminlərdən istifadə olunubsa, bu düzgün deyil. Hər iki halda vaxtı keçmiş kreditin eyni ərəfədə fərqli rəqəmlərlə səslənməsi maraqlıdır”. 

Həmsöhbətimiz onu da əlavə etdi ki, banklar kredit bir gün geciksə belə onu gecikməyə salır, problemli kredit kimi təqdim edir.  

Günel CƏLİLOVA





Seçilən
52
baki-xeber.com

1Mənbələr