ABŞ-da 47-ci Prezidentin seçiləcəyi günə 5 gün qalıb. Seçki günü yaxınlaşdıqca emosiyalar qızışır, siyasi mübarizə öz kontekstindən çıxaraq məişət səviyyəli savaşa çevrilir. Belə ki, prezidentliyə namizədlər Donald Tramp və Kamala Harris bir-birlərini tənqiddən daha çox təhqir edirlər. Bu isə “ABŞ demokratiyası”nın mahiyyətini göstərir.
“ABŞ demokratiyası”nın daha bir eybəcərliyi odur ki, hər şeyi pul həll edir. Hər kəs bilir ki, hər namizəd seçki kampaniyası dövründə ianə yığır. Yığılan bu pullarsa seçicilərə paylanır. Necə deyərlər seçicilərin səsi pulla alınır. Səslərin pulla alınması isə qəbahət sayılmır. Təsadüfi deyil ki, namizəd Kamala Harris rekord miqdarda 1 milyard dollar ianə toplayıb.
Məsələnin digər biabırçı tərəfi isə odur ki, namizədlər onların əleyhinə çıxanları ən pis şəkildə təhqir və təhdid edirlər. Təhdidlərin mahiyyəti isə belədir:
“Əgər mən prezident seçilsəm, səni məhv edəcəm”.
Bu da o deməkdir ki, ABŞ-da söz və fikir azadlığı yoxdur. İnsanlar fikirlərinə görə təqib olunur, incidilir. Üstəlik, bu ölkədə mətbuat azadlığı da bir illuziyadır. Təsadüfi deyil ki, ABŞ-ın ən populyar və köklü nəşrləri, televiziyaları seçkilərdə tərəf saxlayırlar. Bu və digər namizədin lehinə kampaniya aparmaq Amerika mətbuatı üçün adi fəaliyyət normasıdır. Yəni bu ölkədə tərəfsiz, ədalətli və obyektiv media yoxdur.
Bu mənada Azərbaycan Prezidentinin köməkçisi, xarici siyasət məsələləri üzrə Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev "The Washington Post"da Ceff Bezosun dərc etdiyi məqalə barədə X-də paylaşımı xeyli maraq doğurur. Hikmət Hacıyev "The Washington Post" və ABŞ Konqresinin bəzi rəsmilərinin Azərbaycana qarşı apardığı çirkin təbliğat kampaniyasına diqqət çəkərək, COP29-dan əvvəl bu məqaləyə nəzər salmağı tövsiyə edib:
"Bezos cəsarətli və ədalətli tənqidində "The Washington Post" və digər KİV-lərin etibarlılıq səviyyəsinin nə qədər aşağı düşdüyünü nümayiş etdirir. O, qurban obrazının yaradılmasının faydasız olduğunu da vurğulayır. "The Washington Post-dakı yoldaşlar, sizin üslubunuz və metodologiyanız mənə SSRİ-nin son günlərindəki "Komsomolskaya Pravda"nı xatırladır".
Xatırladaq ki, "The Washington Post"-un sahibi “Amazon”-un yaradıcısı Ceff Bezosdur. Bu da o deməkdir ki, hansısa milyarderin pul kisəsindən asılı olan media qurumu heç zaman obyektiv və tərəfsiz ola bilməz.
Milyarderdən gələn qadağa
Amerikalı milyarder öz qəzetinə Kamala Harrisə dəstək verməyi də qadağan edib. Ceff Bezos bu qərardan sonra böhranlı vəziyyətlə üzləşib, redaksiyada iğtişaş baş verib. 200 mindən çox oxucu abunəliyini dayandırıb. Lakin onun üçün bu zərərin o qədər də böyük olmadığı aydındır.
Amerika mediası nə qədər özünü ən dürüst və müstəqil kimi təqdim etməyə çalışsa da, onların hər biri qərəzlidir. Reputasiyanın itirilməsinin əsas səbəblərindən biri də amerikalı jurnalistlərin siyasi gündəmin alətinə çevrilməsidir. Bir çox böyük media şirkətləri müəyyən siyasi partiyaların və ya liderlərin xeyrinə xəbərlər yaymaqda ittiham olunurlar.
Məsələn, CNN, MSNBC, “The New York Times” Demokratlar Partiyasının platformalarıdır. Tramp haqqında müsbət məlumat axtarırsınızsa, bu nəşrlərdə tapa bilməyəcəksiniz. Amma siz bunu mühafizəkar baxışları olan “Fox News”da tapa bilərsiniz.
Bir sözlə, dünyaya demokratiyadan, azad sözdən dərs deyən ABŞ mediası heç də azad və müstəqil deyil. Bu ölkədəki media subyektləri bu və digər şəkildə hansısa siyasi qruplaşmanın təsiri və maliyyə dəstəyi altındadır. ABŞ böyük dövlət olduğu üçün bütün dairələr siyasiləşib.
“Hər şey ABŞ, hər şey Amerikalılar üçün” devizi ilə bütün qüvvələr səfərbər olub.
Onlar dünyanı söz və dollar dəyənəyi ilə idarə etmək istəyirlər. Buna qarşı çıxanlara isə əllərində olan media və QHT-lərin vasitəsilə təzyiqlər edirlər. Hədəfsə odur ki, bütün dünya ölkələri ABŞ tərəfindən idarə olunsun. Dövlət başçıları ancaq Ağ Evdən gələn tezislərə uyğun danışsınlar. Ölkələrin iqtisadiyyatı FED-in tələblərinə uyğun idarə olunsun.
Təbii ki, xaricdən ABŞ-a axan milyardlar hesabına yaşayıb, kef edən amerikalılar bəzən o qədər irəli gedirlər ki, hətta qanunları və xalqın iradəsini ayaqlar altına atmaqdan belə çəkinmirlər.
Hazırda ABŞ-da milyonlarla vətəndaş səsvermə hüququndan məhrumdur. Onların səsvermədə iştirakı müxtəlif bəhanələrlə əngəllənir. Bundan əlavə müxtəlif vasitələrlə keçirilən səsvermələrdə ciddi qanun pozuntularına yol verilir. Məsələn, poçtla səsvermədə yol verilən biabırçı nöqsanlar barədə ABŞ mətbuatının özündə kifayət qədər faktlar var.
Hələ bu harasıdır…
ABŞ-da lazım gələndə xalqın iradəsi ayaqlar altına atılır. Dəfələrlə olub ki, seçkilərdə daha çox səs toplayan deyil, digər namizəd prezident kreslosunda əyləşib. Məsələn, 1888-ci ildə prezidentliyə namizəd Qrover Cleveland ikinci dəfə prezidentlik üçün mübarizə apardığı zaman daha çox səs toplasa da, qalib daha az səs toplayan Benjamin Harrison elan edilib.
Yaxud 2000-ci il prezident seçkilərində namizəd Al Qore daha çox ümumi səs toplamasına baxmayaraq, Corc Buşa “uduzdu”. Səbəb kimi isə Florida ştatında nəticələrin çox yaxın olması göstərildi və Ali Məhkəmənin qərarı ilə seçki Buşun xeyrinə başa çatdı.
Nəhayət 2016-cı ilin prezident seçkilərində Hillari Klinton daha çox ümumi səs topladı. Lakin seçici heyətində Donald Tramp üstünlük qazandı və prezident oldu.
Bu da təsadüfi deyil. Çünki ABŞ-da prezidenti xalq yox, milyarderlər seçir. Hətta bununla bağlı məşhur aforizm var.
“ABŞ-da prezident çay kənarında seçilir”.
Hələ XIX əsrdə Amerikalı milyonçular həftə sonu çay kənarına balıq ovuna gedirmişlər. Əslində bu balqı ovundan daha çox siyasi müzakirələrin aparılması üçün edilirdi. Amerikalı milyonçular “ov” zamanı özləri üçün gələcək siyasi qurbanlarını müəyyən edirmişlər.
Bu gün Amerikalı milyarderlər artıq “balıq ovuna” getmirlər. Təmtəraqlı iqamətgahlarında oturaraq hər dəfə xalqa, dövlətə xidmət edəcək şəxsi yox, özlərinə sərf edən namizədi prezident təyin edirlər. Təsadüfi deyil ki, hazırda prezident seçkiləri küçələrdə, seçki kampaniyalarında yox, milyarderlərin yığıncağında müəyyən edilir. Sonda isə həmin namizəd noyabrın 5-də xalqa elan olunacaq.
Harris, yoxsa Trampın seçilməsi dünya üçün daha faydalıdır?
Bu sualın ən yaxşı cavabını Azərbaycan Prezidenti İlham Əliyev verib. Ölkə başçısı bu ilin iyulunda Şuşada keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Trampın müharibə ilə bağlı səsləndirdiyi fikirləri xatırladıb:
“Mənim fikrimcə, Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər”.
Amerika elitasının sülhü, yoxsa qlobal müharibəni seçdiyinin məlum olacağı tarixə isə 5 gün qalır...
Surxay Atakişiyev, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta