Yer iki hissəyə bölünür
Super qitələrin dağılmasının yeni bir elmi versiyası ortaya çıxıb. Alimlərin tədqiqatları nəticəsində bəlli olub ki, yerin mantiyası iki hissəyə bölünür.
Reyting.az xəbər verir ki, Avstraliyadakı Kertin Universitetinin elm adamları Laoşan laboratoriyasından olan çinli həmkarları ilə birlikdə yer mantiyası üzərində böyük araşdırmalar aparıblar. Onlar belə qənaətə gəliblər ki, yerin mantiyası iki hissəyə bölünür. Bu prosesi izləyən tədqiqatçılar Pangea super qitəsinin yaranmasını və məhvni də məhz bu cür izah ediblər.
"Nature Geoscience" elmi jurnalı yazır ki, mantiya Afrika və Sakit okean domenlərindən ibarətdir. Afrika domeni Asiyanın və Avstraliyanın şərq sahillərindən Avropadan Afrikaya, eləcə də Atlantik okeanına qədər uzanır. Sakit okean domeni isə adından da göründüyü kimi, Sakit okeanı əhatə edir. Domenlər Sakit okean halqasının yarğan çatı verməsi səbəbindən ayrılır.
Elm adamları bildirirlər ki, Afrika domeninin altındakı mantiya bir çox elementlərin izotopları ilə doludur və onların dəsti Sakit okeanı domeninə nisbətən daha müxtəlifdir.
Nəşrin yazdığına görə, mütəxəssislər tam əmindirlər ki, irəli sürülən bu versiya həm də son iki superkontinent dövrünün izahı mənasına gəlir:
“Əgər nəzərə alsaq ki, superqitə kimi tanınan Rodiniya təxminən 1,2 milyard il əvvəl yaranmışdı və ehtimallara görə, 750 milyon il öncə parçalanmışdı, deməli, Rodiniya qitəsinin məhvindən 335 milyon il ötəndən sonra, həmçinin 200 milyon il ərzində öz mövcudluğunu saxlaya bilən superkontinent Panqeya meydana gəlib. Lakin Panqeya da parçalandıqdan sonra mantiyanın dərin, eləcə də tamamilə dayaz təbəqələrində müxtəlif elementlər, onların izotopları qorunub saxlanılıb”.
Elm adamlarının fikrincə, bu faktın özü sübut edir ki, qitələr Yer kürəsinin mantiyasının çat verən səthində bir litosfer plitəsini digərinin üzərinə süründürmə prosesinin nəticəsində oraya çata biliblər.
Məqalə müəllifi alimlərə istinadla yazır ki, əslində, araşdırma super qitələrin parçalanmasının səbəbini tam aydınlaşdıra bilməyib, lakin bununla belə yeni, maraqlı elmi fərziyyələr ortaya qoyub. Avstraliyalı alimlərin, eləcə də çinli tədqiqatçıların qənaətinə görə, mantiyanın lap dərin bölgələrindən mantiya “topakları” adlanan isti mantiya materialının qalxması bu proseslə əlaqəli ola bilər.
Alimlər həmçinin Yer planetində dərin çatların əmələ gələcəyini və bunun nəticəsində də Yer kürəsinin bölünüb iki hissəyə ayrılacağının qaçılmaz olduğunu vurğulayıblar.
Alimlərin güman etdikləri bu elmi ehtimal, həm də əsas variant məntiqlə düşünəndə bütün parametrləri ilə tam həqiqəti göstərir.
Nəşr yekunda qeyd edib ki, bu prosesləri başa düşmək geoloqlara faydalı mantiya materiallarının, xüsusən də nadir torpaq elementlərinin harada cəmləşə biləcəyini müəyyənləşdirməyə kömək edə bilər.
Oqtay QORÇU