AZ

Bakı ilə İrəvan arasında birbaşa telefon danışığı: Son detallar müzakirə edildi

Kazanda Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasındakı görüşün yekunları olaraq xarici işlər nazirlərinə müəyyən tapşırıqlar verildi. Bundan öncə də nazirlərə belə təlimatlar verilmişdi. Bu cür tapşırıqların verilməsi daha çox ikitərəfli formatda danışıqların davam etdirilməsi baxımından əhəmiyyətlidir.

Bunu Teleqraf.com-a siyasi şərhçi Asif Nərimanlı deyib.

“Sülh sazişinin imzalanması, tərəflər arasında fikir ayrılığının aradan qalxması baxımından XİN rəhbərlərinə verilən tapşırıqlar o dərəcədə həllidici hesab edilmir. Sözsüz ki, bu cür təmaslar Bakı ilə İrəvan arasında birbaşa telefon danışıqlarının qurulması baxımından təsirlidir”, - deyə o əlavə edib.

Siyasi şərhçi hesab edir ki, Kazan görüşünün nəticəsi olaraq verilən təlimatlar Bakı ilə İrəvan arasında birbaşa təmasları artıracaq:

“Amma bunun fonunda sülh sazişində olan razılaşdırılmayan məqamların tezliklə həlli sual altındadır. Ona görə də, yaxın dövr üçün iki ölkə arasında yekun sülh sazişinin imzalanması ehtimalı çox azdır. Bakının konkret tələbləri var. Ermənistan isə razılaşdırılmış məsələlər üzərində sülh sazişinin imzalanmasını istəyir. Bu da Azərbaycanın haqlı tələblərinin kənara qoyulması deməkdir”.

Asif Nərimanlıya görə, hazırda rəsmi İrəvanın sərgilədiyi mövqe qeyri-konstruktivdir:

“Bu da sülh sazişinin yaxın zamanda imzalanmasını çətinləşdirir. Beynəlxalq müstəvidə də Azərbaycanla Ermənistan arasında bakıda keçiriləcək COP29 tədbirlərinə qədər sülh sazişinin imzalanması ilə bağlı çağırışlar var. Amma COP29-a sayılı günlərin qalması fonunda bu gözlənti çox zəifdir. Bütün bunlar onu deməyə əsas verir ki, bu il yekun sülh sazişinin imzalanması real görünmür”.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
47
1
teleqraf.com

2Mənbələr