Ölkənin tanınmış klinker və sement istehsalçısı “Holcim” (Azərbaycan) ASC məhkəmə qapılarında qalıb. Şirkətlə bağlı bir ayda iki ayrı maddə üzrə cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, “Holcim” (Azərbaycan) İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan 233.1-ci maddələrini pozub.
Tələbi pozulan 430.4-cü maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:
“Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.
Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib”.
Tələbi pozulan 233.1-ci maddəyə əsasən isə ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
“Holcim” ASC ilə bağlı hər iki iş baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilib. 4 və 5 noyabr tarixlərində hakim Teymur Qurbanovun sədrliyi ilə şirkətlə bağlı işlərə baxılacaq.
Qeyd edək ki, “Holcim” (Azərbaycan) ASC 1999-cu illərdən Azərbaycanda fəaliyyətə başlayıb. Şirkətin Baş Direktoru Xalid Samaka, Texniki direktoru Əli Hüseynovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən İbrahim