AZ

Hindistan ABŞ Federal Təhqiqatlar Bürosuna müraciət etdi: “Kömək edin”

 

Hindistan yerli aviaşirkətə məxsus təyyarələrin minalandığı barədə yalan məlumat yayanları müəyyən etmək üçün ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) və İnterpoldan kömək istəyib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “The Hindu” qəzeti məlumat yayıb. Nəşrin Hindistanın hüquq-mühafizə orqanlarındakı mənbələrinə görə, Nyu-Dehli FTB və İnterpolun köməyi ilə ABŞ, Kanada və bəzi digər ölkələrdə fəaliyyət göstərən sikx separatçılarının bu cür təhdidlərin yayılmasında iştirakını müəyyən etmək niyyətindədir. Hindistanın ərazi birliyi düşmənlərinin bu cür cinayətlərdə mümkün şərikliyi versiyası təsadüfi deyil. Belə ki, qadağan edilmiş “Sikhlər Ədalət naminə” qrupunun axtarışda olan lideri Qurpatvant Sinx Pannu Hindistanı iqtisadi cəhətdən  məhv etmək üçün “Air India” aviadaşıyıcısını boykot etmək çağırışı edib.

Xatırladaq ki, son iki həftə ərzində Hindistan aviaşirkətləri sosial media vasitəsilə əsasən xaricdən daxili və beynəlxalq uçuş təyyarələrində bomba olması ilə bağlı ən azı 510 yanlış bildiriş alıb. Mülki Aviasiya Nazirliyi çərşənbə günü aviadaşıyıcıları təmkinli olmağa çağırıb və onlardan hər bir təhlükənin mənşəyi, o cümlədən etibarlılığı ilə bağlı hərtərəfli qiymətləndirmə aparmağı xahiş edib. Bu resurslara, işçi qüvvəsinə və əməliyyat xərclərinə qənaət etməklə yanaşı, sayı bəzən gündə 50-ə çatan böyük həcmli təhlükələrə cavabı optimallaşdırmaq üçün nəzərdə tutulub.

Qeyd edək ki, oktyabrın 14-dən etibarən Hindistanda avia şirkətlərə mümkün terror aktları ilə bağlı yalan məlumatlar daxil olmağa başlayıb. Bu cür xəbərlər bir sıra uçuşların təxirə salınmasına və ləğv edilməsinə, avialaynerlərin təcili enişinə, eləcə də havada təyyarələrin marşrutlarının dəyişdirilməsinə, nəticədə aviaşirkətlərin xərclərinin xeyli artmasına səbəb olub. Ölkənin hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib. Bu günə qədər Hindistanda təhdid yaymaqda şübhəli bilinən 3 nəfər saxlanılıb. Hindistan rəsmiləri sosial media platformalarından ölkənin iqtisadiyyatını və turizm sənayesini təhlükə altına alan dezinformasiyanı tez bir zamanda silməyi və ya onlara girişi əngəlləməyi xahiş edib.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
31
musavat.com

1Mənbələr