“Hyundai Rotem” enerji mənbəyi kimi hidrogen yanacaq elementlərindən istifadə edən yeni nəsil tanklar hazırlamağa başlayıb.
Beləliklə, yeni nəsil tanklar həm səssiz olacaq, həm də termal iz buraxmayacaq.
Cənubi Koreyanın müdafiə həlləri şirkəti “Hyundai Rotem” ordu üçün dünyada ilk hidrogen yanacağı ilə işləyən tankın yaradılması üzərində işləyir. Bu yeni nəsil tank hazırkı K2 əsas döyüş tankını əvəz edəcək K3 tankı olacaq. Bildirilir ki, “Hyundai Rotem” bu tank üçün gizlilik yönümlü bir yanaşma tətbiq edəcək.
Həm səssiz, həm də görünməz
“Hyundai Rotem” Müdafiə İnkişafı Agentliyi və digər müdafiə texnologiyaları tədqiqat institutları ilə əməkdaşlıq edərək, K2 əsas döyüş tankının təkmilləşdirilməsi planlarının bir hissəsi olaraq yeni nəsil tank modelini hazırlayır. Təklif olunan K3 tankının gizli dizayna malik olacağı gözlənilir. Bu yolla tankın radar izini azaltmaq hədəflənir. Gizliliyi artıran gövdə boyası da istifadə olunacaq.
İstehsalı 2040-cı illərdə planlaşdırılan bu yeni tank K2 tankının dizel mühərrikini əvəz edəcək hidrogen yanacaq elementləri ilə təchiz ediləcək. Beləliklə, ilk dəfə olaraq hidrogenlə işləyən tank hazırlanacaq. Tankın hidrogen yanacaq elementləri dik və sərt əraziləri aşmaq üçün kifayət qədər at gücü istehsal edəcək. Buna görə də K3 tankı səssiz olacaq, istilik emissiyaları yaratmayacaq və radarlarda aşağı görünmə qabiliyyətinə malik olacaq.
O, həmçinin gizli, avtonom idarəetmə və dron istifadəsi xüsusiyyətlərinə, həmçinin 130 millimetrlik yivsiz topa sahib olacaq. “Hyundai Rotem” rəsmisi açıqlamasında qeyd edib: “Yeni nəsil tank süni zəkaya əsaslanan atəşə nəzarət sistemindən istifadə edərək, daha güclü qabaqlayıcı zərbə imkanlarına malik olacaq”. Şirkət tam hidrogenlə işləyən tank hazırlamazdan əvvəl dizel və elektrik enerjisindən istifadə edərək, hibrid model hazırlamağı planlaşdırır.
Ordu.az