AZ

COP29-la bağlı qadağa qüvvəyə minir — “Zərurət olmayan yerlərdə…”

Xəbər verdiyimiz kimi, bu gündən etibarən Bakı şəhərinin bir sıra küçə və prospektlərində təşkil edilən COP29 zolaqlarına daxil olmaq qadağası qüvvəyə minir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verib.

Bildirilib ki, həmin zolaqların hər birində 5.9, yəni “Marşrut nəqliyyat vasitələri üçün zolaq” yol nişanları quraşdırılıb. COP zolaqlarının mövcud olduğu küçə və prospektlər bunlardır:

Xocalı prospekti, Şah İsmayıl Xətai prospekti, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Abdulla Şaiq, Həsənoğlu, Mikayıl Useynov (Bayraq meydanı istiqamətində), Zuğulba yolu və Zığ şosesi, Azadlıq prospekti, Bülbül prospekti, Neftçilər prospekti, Heydər Əliyev prospekti, Parlament prospekti, Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyov, Bakıxanov, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Teymur Elçin, Nəriman Nərimanov, Mikayıl Müşfiq, Həsən Əliyev, Salyan şosesi və Hava limanı şosesi.

Qurumun məlumatında o da qeyd olunub ki, COP29 tədbirindən sonra hər hansı bir avtobus, velosiped və digər xüsusi zolaqlar ləğv olunmayacaq: “Zolaqlara çəkilən COP29 loqoları tədbirdən sonra silinəcək və zolaqlar nəqliyyat vasitələrinin hərəkət zolağı kimi fəaliyyət göstərəcək”, – deyə məlumatda bildirilib.

Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında deyib ki, COP29-la bağlı xüsusi zolaqların salınması müsbət haldır:

“Sürücülər bu zolaqlara daxil olmamaqla bağlı qadağaya əməl etməlidirlər. COP29 zolaqları avtobus zolağı kimi bəzi yollarda qalacaq. Zərurət olmayan yerlərdə bu zolaqlar ləğv edilecek. Avtobus zolaqları artıq nəqliyyatda daşınmanın mühüm bir elementinə çevrilib. Buna görə zolaqlar qalacaq və sayı artırılacaq. Gələcəkdə avtobus və velosiped zolaqları şəbəkəsinin genişləndirilməsi gözlənilir”.

Xatırladaq ki, 11-22 noyabr tarixlərində Bakıda, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.

Törə Zeynallı
Demokrat.az
Seçilən
83
17
demokrat.az

10Mənbələr