Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Məsələ orasındadır ki, ritorikaları ciddi təhdidlərlə, təzyiqlərlə doludur. Məsələn, Miller deyir ki, "Gürcüstan öz siyasi kursunu dəyişməsə, ölkəni ciddi nəticələr gözləyir". Bu barmaq sallaması nə deməkdir? Hardadır təlqin etdiyiniz seçimə hörmət prinsipi? ATƏT əgər seçkidə nöqsan tapmayıbsa, davamlı və israrlı şəkildə pozuntu və qüsur axtarmağın məqsədi nədir? Deyək ki, nəticə fərqli olsaydı Qərb eyni reaksiyanı verəcəkdimi? Əsla. Başında ABŞ və Fransanın dayanması ilə Moldovada saxtalaşdırılan seçki nəticələrindən niyə danışılmır? Gürcü xalqı Qərbə bu dəfə "dəmir qapı" göstərdi. Qeyd etməli, eyni zamanda qabartmalıyıq ki, bu işə azərbaycanlılar da əhəmiyyətli dərəcədə dəstək verdi. Hələ üstəlik onu da xüsusilə vurğulamalıyıq ki, Azərbaycanın mövqeyi nəzərə alınmadan Qərbin heç bir layihəsi regionda reallaşmayacaq. Nə vaxta qədər ki, Azərbaycanı sol əlinizlə tutacaqsınız, o əlin arxasını görəcəksiniz.
Qərb agentura şəbəkəsinin ifşa edilməsi istiqamətində Gürcüstan hakimiyyəti tərəfindən son illərdə ciddi addımlar atılıb. Buraya qədər uğur əldə olundu, bundan sonra da ölkənin taleyini oda-alova atmamaq üçün, nəticəni davamlı tutmaq üçün vaxtı, vədəni yubatmaq olmaz. Odur ki, Gürcüstanda Qərbin əlaltılarının şəbəkəsini tamamilə yığışdırmağın zamanıdır".
Zeynəb Rzayeva