AZ

Bizə “Halloween” lazımdır? - Ölən insanların dirilərək dönüşü...

Azərbaycanda milli adət-ənənələrimizə uyğun olmayan bir çox bayramlar keçirilir. Bunlardan biri də “Halloween” (Hellouin) bayramıdır ki, son illərdə ölkəmizdə daha çox məşhurlaşmağa, hətta artıq ənənəyə çevirilməyə başlayıb.

Oktyabrın 31-də dünyanın əksər ölkəsində "Halloween" bayramı keçirilir. Bu bayramda insanlar xüsusi geyimlərdən və qrimlərdən istifadə edirlər. Bayramın simvolu kimi küpəgirən qarı, skelet, qara pişik obrazlarından istifadə olunur. Bayramın əsas simvolu isə balqabaqdır ki, içərisi boşaldılır və şam yerləşdirilir.

Bəs bu bayram bizə lazımdırmə?

Kamran Əsədov: Bayramın qorxu və şiddət elementləri xüsusilə uşaqlara mənfi təsir göstərir

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, "Samhain" adı ilə tanınan bu bayram xristianlığın yayılması ilə dini bir məzmun daşımağa başlayıb. Onun sözlərinə görə, müasir dövrdə isə bu bayram ənənəvi simvolikasını dəyişərək daha çox qloballaşmanın və əyləncənin bir hissəsinə çevrilib. K.Əsədov qeyd edib ki, bu dəyişikliklə Halloween, özündə fantaziya, qorxu elementləri və vizual cəlbediciliyi birləşdirən, həm də böyük iqtisadi gəlir gətirən bir bayrama çevrilib:

“Halloween”in müsbət tərəflərindən biri onun həm ailə daxilində, həm də geniş cəmiyyət arasında birləşdirici rol oynamasıdır. Uşaqlar və böyüklər müxtəlif geyimlər geyinərək "şirniyyat, yoxsa oyun?" (trick-or-treat) adlı əyləncəli oyunlar oynayır, müxtəlif maskalar taxaraq qorxu və fantaziya dolu şənliklər keçirirlər. İnsanlar hər il bu günə öz xəyallarındakı fərqli obrazları canlandıraraq psixoloji rahatlıq tapır, rəngarəng kostyum və dekorasiyalar ilə estetik zövqünü nümayiş etdirirlər”.

Müsahibimizin sözlərinə görə, “Halloween”in mənfi tərəfləri də nəzərə alınmalıdır. Bayramın qorxu və şiddət elementləri xüsusilə uşaqlar üçün mənfi təsirə malik ola bilər. Uşaqlar bu günün ruhuna uyğun olaraq qorxunc obrazlarla tanış olur, bəzi hallarda onların psixologiyasında narahatlıq yaradan səhnələrlə qarşılaşırlar. Azərbaycan cəmiyyətində isə “Halloween”in qeyd edilməsi ilə bağlı narahatlıq daha çox mədəniyyət və dəyərlərin qorunması istiqamətindədir. Bəzi valideynlər düşünür ki, bu bayramın təbliği milli-mədəni dəyərlərimizdən uzaqlaşma təhlükəsi yaradır. Bu kimi bayramların uşaqlara mənfi psixoloji təsir göstərdiyi və onların düşüncə tərzində qarışıqlıq yaratdığı da bildirilir. “Halloween”də qaranlıq, qorxu və qeyri-adi qüvvələrə yönəlmiş diqqət, xüsusilə kiçik yaşlı uşaqlar üçün qəddar və travmatik təsir göstərə bilər.
“Halloween”in Azərbaycanda qeyd olunmasının artması ilə birlikdə məktəblərdə və bağçalarda bu bayramın təsiri daha geniş şəkildə hiss olunur:

“Bunun mədəniyyətimizə calaq edilməsi narahatlıq doğurur, çünki bu, Qərb mədəniyyətinə məxsus bir tədbirdir və özündə başqa bir dünyagörüşü, dinamik psixoloji təsir daşıyır. Azərbaycan cəmiyyətində mədəni və dini baxımdan fərqli ənənələr üstünlük təşkil etdiyi üçün, bəzi valideynlər bu cür Qərb bayramlarının yerli adətlərə zidd olduğunu düşünür”.

Dünyada müxtəlif ölkələr “Halloween”in qeyd olunması ilə bağlı müxtəlif mövqelərə malikdir. Məsələn, İranda və bəzi müsəlman ölkələrində bu bayram qeyd olunmur, çünki onların mədəni və dini dəyərlərinə uyğun deyil. Təhsil müəssisələrində bu bayramın qeyd edilməsi zamanı psixoloqların və pedaqoqların xüsusi rolu olmalıdır. Çünki uşaqlar üçün qorxunc obrazların onların psixologiyasına təsiri nəzərə alınmalı, onların yaşlarına uyğun bayram proqramları təşkil edilməlidir.

Samirə Bağırova: Müsəlmanlar hər bayrama bir qulp qoyaraq, ağlaşmağa, yas tutmağa meyilli olub

Psixoloq Samirə Bağırova da Halloween ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşüb. Onun sözlərinə görə, ilk növbədə onu araşdıraq ki, niyə biz “cadılar bayramı” deyirik? Azərbaycan dilində cadugər sözü var. “Halloween” sözünə gəlincə, bu bayram əslində müqəddəs gün hesab olunur.

“Belə ki, yer üzündə bütün ölən insanların dirilərək dönüşü kimi qeyd olunur. Bu səbəbdən ölənlərin sağ ikən çalışdıqları sahələrə uyğun olaraq, Halloween üçün düşünülmüş kostyumlar, məzardan çıxarkən hansı vəziyyətdə olması, ehtimal olunaraq təsvir edilir. XX əsrin sonlarında əsasən İngiltərədə yaranmış bu bayram gününə bir az qorxu, bir az komediya qataraq müasir beynəlxalq bayrama çevrilib. Əsrlərlə xristianlar həyatın maraqlı keçməsi üçün, hər mövzuya, hər günə uyğun bayram düşündüyü halda, müsəlmanlar hər bayrama bir qulp qoyaraq, ağlaşmağa, yas tutmağa meyilli olub”, - deyə Samirə Bağırova qeyd edib.

Fatimə Əşrəfli

Seçilən
42
1
bakivaxti.az

2Mənbələr