AZ

Ermənistan COP29-a gəlməyə bu səbəbə görə tərəddüd edirmiş...

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda keçiriləcək COP-29 iqlim konfransında iştirak etmək niyyətindədir. Bu barədə Ermənistanın “Hraparak” nəşri hökumətdəki mənbələrə istinadən məlumat yayıb. Xatırlatmaq yerinə düşər ki, Mirzoyan Bakıya səfər etmək üçün “şərt qoşmuşdu” ki, “əsirlər” geri qaytarılmalıdır.

Oktyabrın 22-də isə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, COP29-da iştirakla bağlı hələ qərarımız yoxdur, biz hər şeyi müzakirə etməliyik, başa düşməliyik ki, ora getmək nə üçün lazımdır. Oraya getmək Ermənistana nə verəcək, bizim maraqlarımız nədir, tədbirdə hansı səviyyədə iştirak edəcəyik?

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Bakıda keçiriləcək COP29 zirvəsində iştirakı ilə bağlı şayiələr yayılsa da, sonradan təkzib edildi.

Bəzi ekspertlər hesab edirlər ki, Ermənistan COP29- a gəlmək üçün ABŞ-də keçiriləcək seçkinin nəticələrini gözləyir. Başqa sözlə desək, onlar düşünürlər ki, Paşinyanın qərarı ABŞ-dən asılıdır.

 Asim

Milli Məclisin deputatı Asim Mollazadə Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistan müsbət imic yaratmaq üçün çalışsa da, real addımlar bunun tam əksini göstərir:

“Mənə elə gəlir ki, Ermənistan seçkidən sonra da öz oyunlarını davam etdirəcək. Ermənistan, əslində, sülh sazişini imzalamağa, real sülh istiqamətində addım atmağa hazır deyil. Səbəbi Ermənistan hakimiyyətinin daxili müxalifətdən və xarici diasporadan qorxmasıdır. Diaspora və keçmiş hakimiyyət, yəni hərbi cinayətkarlar bölgədə sülh və sabitlik olmasını istəmirlər. Onların istəyi daim müharibələrin, problemlərin olmasıdır, çünki onlar müharibələrdən və erməni xalqının əzablarından yaxşı qazanırlar. Onlar dünyada müsbət imic yaratmağa çalışırlar, ancaq real olaraq bölgədə sabitliyin qarşısını alan məhz Ermənistanın siyasətidir. Diaspora bəlalardan, faciələrdən qazanır. Diasporaya faciə lazımdır. Erməni xalqının faciəsi çoxaldıqca, diasporanın maliyyəsi və siyasi nüfuzu artır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
53
musavat.com

1Mənbələr