AZ

ABŞ-nin seçki saxtakarlığı ilə bağlı iddiaları sadəcə bəhanədir- ÖZƏL

"Əslinə baxanda Metyu Millerin və ya onun kimi Gürcüstanı öz siyasi kursunu dəyişməyə çağıranların bəyanatlarında yeni bir şey yoxdur. Artıq uzun müddətdir ki, Qərb Gürcüstanı öz ənənəvi kursundan geri çəkmək üçün müxtəlif təzyiq üsullarından istifadə edir. Xüsusilə də Gürcüstanda "xarici agentlər haqqında" qanunun qəbulundan sonra bu cür təzyiqlərin də sayı artıb. Müxtəlif Avropa institutları Gürcüstanla bağlı çoxlu sayda bəyanatlar və qətnamələr qəbul ediblər". 

Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:

"Gürcüstana Avropa və ABŞ tərəfindən ayrılan maliyyə vəsaitinin verilməsindən imtinadan başlamış ayrı-ayrı şəxslərə qarşı sanksiya hədələrinə qədər bir çox addımlar atılıb. 
Məqsəd Gürcüstanı da Ermənistan kimi asılı, müstəqil siyasi xətti olmayan, müstəqil qərarlar qəbul edə bilməyən ölkəyə çevirmək və bununla da Rusiyaya qarşı yeni cəbhə açmaqdan ibarətdir. İlk öncə Azərbaycan qarşı oxşar təzyiqlərə əl atan Qərb bizim bu təzyiqlər qarşısında boyun əyməyəcəyimizi gördüyü üçün indi əsas diqqəti Gürcüstana yönəldib.
Gürcüstana hakim partiyanın əsas seçki şuarlarından birinin "Avropa İttifaqına doğru" olması belə görünür ki, beynəlxaq güclər üçün yetərli olmayıb. Odur ki, bu təzyiqlərin hələ bir müddət də davam edəcəyi gözləniləndir. Qərbin həm xaricdən, həm də daxildən uzun illər ərzində formalaşdırdığı qeyri hökumət təşkilatları vasitəsilə hakimiyyətə maksimum təzyiq göstərəcəyinə şübhə yoxdur. 
Seçkilər və seçkilərdə ayrı-ayrı saxtakarlıq hallarının olması isə sadəcə bəhanədir. Məlumdur ki, Gürcüstanda keçirilən son seçkilərdə məntəqələrin cəmi yüzə qədərindən şikayət daxil olub ki, bu da ATƏT müşahidəçiləri tərəfindən də təsdiqlənib. Gürcüstan Mərkəzi Seçki Komissiyası isə həmin faktlarla bağlı araşdırmalara başlayıb. Belə olan halda, yəni, ATƏT-in yekun rəyi olmadığı bir vaxtda Avropa İttifaqının bir sıra ölkələrinin seçkilərin nəticələrini tanımadığı haqqında bəyanatla çıxış etməsi və indi də ABŞ rəsmisinin bu cür açıqlama verməsi onu sübut edir ki, seçki saxtakarlığı ilə bağlı iddialar sadəcə bəhanədir. Mən tamamilə əminəm ki, seçkilərdə hər hansı bir saxtakarlıq halı olmasaydı belə Qərb Gürcüstanda vəziyyəti gərginləşdirmək üçün başqa bəhanələr tapacaqdı. 
Amma kimin nə deməsindən asılı olmayaraq indi Gürcüstan hakimiyyətinin və gürcü xalqının üzərinə böyük bir vəzifə düşür. Biz Azərbaycan olaraq Gürcüstanın bu sınaqdan üzü ağ çıxmasını və başqalarına onlar üzərində ağalıq etməyə imkan verməməsini istəyirik. Düşünürəm ki, belə də olacaq".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
57
olaylar.az

1Mənbələr