AZ

Qanunsuz miqrantlar saxlanma yerindən məhdudiyyətsiz sayda məktub göndərə biləcəklər

Azərbaycanda saxlanma mərkəzinə yerləşdirilən qanunsuz miqrantların orada məktub və teleqram yazma qaydaları müəyyənləşir.

“İki sahil” xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklərə əsasən, həmin şəxslər dövlət hesabına bir ay ərzində iki dəfə məktub və ya teleqram göndərmək hüququna malik olacaqlar. Bununla belə, onlar öz hesablarına məhdudiyyətsiz sayda məktub, teleqram alıb və ya göndərə biləcəklər. Həmin şəxslərin məktub və teleqram göndərməsi senzura qaydalarına uyğun olaraq həyata keçiriləcək.

Mərkəzdə saxlanılan şəxslərin müdafiəçi və ya hüquqi yardım göstərən digər şəxslərlə yazışmaları istisna olmaqla, onların aldıqları və göndərdikləri digər yazışmalar hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə cinayət prosesini həyata keçirən orqanın və ya Mərkəz rəisinin əsaslandırılmış qərarı ilə məhdudlaşdırıla və ya senzuradan keçirilə bilər.

Mərkəzə məcburi yerləşdirilən şəxs mərkəzə qəbul edildikdən dərhal sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə bu barədə məlumat vermək üçün bir dəfə telefonla zəng etmək hüququna malik olacaq.

Həmin şəxs həftədə dörd dəfə 25 dəqiqəyədək telefonla danışmaq hüququna malikdir.

Seçilən
33
ikisahil.az

1Mənbələr